Sürücü mirzə, bağban sükan arxasında, mühafizəçi kotlet bişirir...

Maraqlı

27.10.2021 - 10:19

Üzrü əməlindən betər olanda və ya deputat kreativliyinin növbəti qurbanı kim olacaq?

Belə bir pritça var. Bir dəfə hökmdar Molla Nəsrəddini yanına çağırıb “üzr istəmək əməldən də pisdir” ifadəsinin mənasını izah etməyi əmr etdi. Edə bilməsə, başı çiyinləri ilə vidalaşacaqmış. Qoca uzun müddət əziyyət çəkdi, fikirləşdi, amma layiqli bir izah tapa bilmədi.

Və Molla Nəsrəddin şahın yanına gedərək, qəfildən onun ombasından çimdiklədi. "Sən nə kərasən ki, mənə qarşı belə tərbiyəsilik edirsən, ay əclaf!?", - deyə şah qışqırdı. Molla cavab verdi: “Məni bağışla, ya şah! Bir anlıq mənə elə gəldi ki, yatağımdayam, sən isə mənim arvadımsan”. "Nə?!", - hökmdar daha da alovlandı. Yaşlı adam sakitcə dedi: "Gördüyün kimi, bu misalla mən üzr istəməyin hərəkətdən daha pis olmasının nə demək olduğunu izah edə bildim"...

Bu günlərdə Milli Məclisin deputatı, QMİ sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Özbəkistanda keçirilən Prezident seçkilərində müşahidəçi qismində iştirak edib. Və o, “Facebook” səhifəsində onu seçən sadə insanların xeyri üçün fırtınalı fəaliyyətinı əks etdirmək qərarına gəldi. Amma xalq qulluqçusunun seçiminin xoş niyyəti onun ümid etdiyi effekti vermədi.

Azərbaycan dilində 13 sözdən ibarət cümlədə 5 səhvə yol verilib. Bunu birtəhər həzm etmək olardı - amma deputat beynəlxalq səviyyədə təmsil etdiyi dövlətin adını belə, səhv yazmağı rəva bilməsəydi.

Təbii ki, seçicilər bu vəziyyətə reaksiya verməyə bilməzdilər. Sosial şəbəkələrdə vətəndaşlar öz hisslərinə azadlıq verərək, “savadlını” açıq şəkildə ələ saldılar. Paşazadə “şedevr” əsərini səhifəsindən silməkdən yaxşı heç bir yol tapmadı. Amma qələmlə yazılanı balta ilə kəsib atmaq olmaz. Sosial şəbəkələrdə və mediada qəzəb dalğası səngimir, əksinə, istifadəçilər açıq şəkildə Şeyxin qardaşını trollayırdılar. Hərəkət etmək lazım idi və Paşazadə özünəməxsus üzrxahlıq etdi ki, bu da əslində çox acınacaqlı statusdan daha gülməli və faciəli çıxdı.

Onun köməkçisi Sulduz Ağayev təbii ki, ONUN adından bu hadisəyə münasibət bildirib: “Bu statusu deputatın Camal adlı sürücüsü yazıb. Cavanşir Paşazadə ona fikirlərini səsləndirib və o, deputatın sosial şəbəkədəki səhifəsində yazıb. Sürücü tələsdiyi üçün səhvlərə yol verib. O, bu diqqətsizliyə görə artıq işdən qovulub. Hər kəsin belə səhvləri ola bilər, bu mövzunu şişirtməyə dəyməz”.

Bax belə. Həm Şeyxin qardaşının və həm də bütün ətrafının fikrincə, məsələ həll olundu. Bəlkə onlar üçün bəli, amma deputat işindən heç bir şəkildə xəbəri olmayan adi insanlar üçün suallar qalır. Ancaq burada, həqiqətən, insanı müəyyən bir titrəmə tutur. Bir tərəfdən bu yaranan sualları vermək istəyirsən, digər tərəfdən bir qorxu da var – birdən deputat başqasını, məsələn, aşpazı və ya nəvələrinin dayəsini işdən çıxarsa, necə? Axı bilinmir ki, deputatın ətrafında  media ilə əlaqələrə kim cavabdehdir. Ona görə də biz sual verməyəcəyik, insanlara yazığımız gəlir. Biz yalnız özümüz üçün bu barədə fikirlərimizi dilə gətirəcəyik.

İndi yəqin ki, hər kəs C.Paşazadənin komandasında kimin nə işlə məşğul olması ilə maraqlanır. Əgər sürücü FB-dəki şəxsi səhifəsində statuslar yazırsa, məntiqə görə, sükan arxasında kimsə oturmalıdır. Bəs kim? Bir çox variant var: bağban, mühafizəçi, masajçı... Və əgər sükan arxasında bağbandırsa, o zaman ana dilinin qrammatikasının qaydalarını özü üçün sərbəst şərh edən hörmətli insanın sevdiyi çiçəkləri kim sulayır?

Deputatın yaxın çevrəsində kadr dəyişikliyinin hansı səviyyədə olduğunu öyrənmək də maraqlıdır. Onun işçilərini rotasiya etdiyi qaydalara və meyarlara əsasən, bu göstərici sadəcə olaraq çox yuxarı olmalıdır. Bəs necə? Məsələn, hamamda sanqovşaq tutulubsa, aşpazlara əlvida! Kotlet yanıbsa, mühafizənin rəisini çölə atmaq lazımdır! Şalvarın tikişi sökülübsə - ailə həkimini qovun! Və bu deyilənlər heç bir mübaliğə deyil!

Axı, sürücü qrammatikanı pis bildiyinə görə işdən çıxarılırsa, niyə kanalizasiya tıxandığı üçün aşpaz işdən çıxarılmasın? Və ən əsası, növbəti qurbanı proqnozlaşdırmaq sadəcə mümkün deyil! Burada hər şeyi xozeyinin təfəkkürünün yaradıcılığı həll edir.

Və sonda. Maraqlıdır, belə deputatlardan neçəsi indi təntənəli şəkildə Milli Məclisin rahat kreslolarında əyləşib? Normal qaydada bir cümlə qurmağı bilməyənlər, onları bəsləyən dövlətin adının necə yazılmasından xəbərsiz olanlar və adi sürücünün belə, peşə vəzifələrindən xəbəri olmayanlar... Ancaq öz peşə borcundan xəbəri olmayanlardan nə gözləmək olar?

P.S. Əlbəttə ki, sürücünü “günah keçisi” edə bilərsiniz. Bəs onun soyadının deputatın şəxsi profilində “Paşazadə” deyil, “Paşazade” kimi səhv yazılmasının günahkarı kimdir? Cavabı çox çətin olan sual kimi görünür...

Müəllif: Vüsal Əliyev