Sabiq Prezident üç gün ərzində girov ödəməlidir
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi vəkillər Ruben Akopyan və Amram Makinyanın vəsatətini qismən təmin edərək, ölkənin üçüncü Prezidenti, Xocalı cəlladı Serj Sarkisyana səfər qadağasını ləğv edib. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.
Səfər qadağası 5 milyon dram məbləğində girovla əvəz edilib.
Hakim Aram Qriqoryan bildirib ki, Sarkisyan üç gün ərzində girovu ödəməlidir.
Bu ilin mayında açılan yeni işdə Sarkisyan 2008-ci ilin fevralında 2,9 milyon dollar rüşvət almaqda ittiham olunur. İş materiallarına görə, Sarkisyan və onun baş köməkçisi (qeyri-rəsmi məlumata görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satışı zamanı maneə yaratmamaq üçün rüşvət alıblar.
Sarkisyan daha iki cinayət işi üzrə də ittiham olunur. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinin müdafiəsi ilə bağlı, ikincisi isə İrəvandakı Yerablur hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.