Giorgi Qaxariya: “Bundan sonra" Gürcü Arzusu" Partiyası mənimlə mübarizə aparacaq”
Gürcüstanın keçmiş Baş naziri, “Gürcüstan Naminə” Partiyasının lideri Giorgi Qaxariya paytaxt Tiflis meri postu uğrunda mübarizə aparacağını açıqlayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, Qaxariya mətbuat konfransı keçirib və tədbirdə namizədliyini rəsmən elan edib.
“Bundan sonra" Gürcü Arzusu" Partiyası mənimlə mübarizə aparacaq. Çünki bu gün Tiflis meri postu uğrunda mübarizəyə qoşulduğumu rəsmən bəyan edirəm", - deyə sabir Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, bu yolla partiyasının seçki kampaniyası zamanı çətinliklərlə üzləşən namizədlərini də dəstəkləyə biləcək: “Yaxın gələcəkdə şəhəri metropol halına gətirmək üçün hər şeyi edəcəm. Paytaxtın inkişaf planını təqdim edəcəyimə söz verirəm”.
Qaxariya mer postu uğrunda şəhərin hazırkı meri, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze ilə, sabiq Prezident Mixail Saakaşvilinin qurucusu olduğu “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Nika Meliya ilə, “Lelo for Georgia” Partiyasından Anna Bibilaşvili ilə və “Xalqlar Naminə” Alyansından namizəd olan Anna Dolidze ilə mübarizə aparmalı olacaq.
Qeyd edək ki, Gürcüstanda seçkilər oktyabrın 2-də keçiriləcək. 64 şəhər və bölgənin sakinləri bələdiyyə başçılarını və yerli məsləhət orqanlarının müavinlərini seçəcəklər. Qalib gəlmək üçün bələdiyyə başçılığına namizədlər yaşadıqları ərazidə ən az 50 faiz, majoritar deputatlar üçün isə ən azı 40 faiz səs toplamalıdırlar.