“Sovet diktaturasının nə olduğunu yaxşı bilən patriarxın ora qayıtmaq istəməsi qeyri-mümkündür”
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Gürcü arzusu” hökumətinin pravoslavlığı dövlət dini elan etmək planlarını Bidzina İvanişvilinin “ən hiyləgər ideyası” və “kilsənin Dəccalın əlinə keçməsi” adlandırıb.
“İvanişvili onun tam nəzarətindən kənarda qalan yeganə qurumu məhv etmək istəyirdi. Söhbət Gürcü Pravoslav Kilsəsindən gedir. O, pravoslavlığı Gürcüstanda dövlət dini elan etməyi planlaşdırırdı. Bu o deməkdir ki, o, patriarxları, yepiskopları vəzifəyə təyin edib, vəzifədən azad edə, müqəddəslərin müqəddəsini Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altına ala biləcək... Formal olaraq, bu, hətta Putin Rusiyasında belə baş vermədi. Baxmayaraq ki. İndiyə qədər patriarx və bütün din xadimləri dinlənilirdi”, - Saakaşvili “Facebook”da yazıb.
Siyasətçi hesab edir ki, “bu məkrli plan Rusiyadan gəlir”. O, İvanişvilinin partiyasının hərəkətlərini qarşıdan gələn seçkilərlə izah edib: “Beləliklə, “Gürcü arzusu” müxalifətlə müqayisədə geriliyini ört-basdır etməyə çalışır”.
“Belə bir vəziyyətdə konstitusiya çoxluğu lazımdır, söhbət 60%-dən gedir. Sonra plebissit keçirin və məlum olacaq ki, ölkədə bu axmaq və zərərli qərarın nə qədər tərəfdarı var”, - Saakaşvili qeyd edib.
Sabiq Prezidentin fikrincə, “Gürcü arzusu”nun niyyətləri “bütün xalqın müqavimətinə səbəb olan son damla” ola bilər.
Eyni zamanda, Saakaşvili hesab edir ki, patriarxlıq özü də “Kilsənin müstəqilliyini müdafiə etmək mövqeyində möhkəm dayanmağa” davam edəcək.
“Sovet diktaturasının nə olduğunu yaxşı bilən patriarxın ora qayıtmaq istəməsi qeyri-mümkündür”, o qeyd edib.
Qeyd edək ki, müxalif “Formula” telekanalı “Gürcü Arzusu” ilə Gürcü Pravoslav Kilsəsi arasında pravoslavlığın dövlət dini elan edilməsi məsələsi ilə bağlı məsləhətləşmələr barədə məlumat yayıb. Güman edilir ki, bu, ən azı yeddi müxalifət partiyasına qadağa qoyulması və “LGBT təbliğatı” ilə yanaşı, iqtidarda olan partiyanın əsas seçki vədlərindən birinə çevrilə bilər. Bu proqramla “Gürcü arzusu” konstitusiya çoxluğuna nail olmağa ümid edir. O, hakimiyyətdə olduğu 12 il ərzində yalnız bir dəfə - 2016-cı ildə ilk müddətindən sonra belə bir seçki nəticəsi göstərib.
Çərşənbə günü Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Caqmaidze jurnalistlərə “Formula”nın məlumatını təsdiqləyib. Eyni zamanda, medianın qeyd etdiyi kimi, o, kilsənin “Gürcü arzusu”nun təklifini rədd etməyin ən yumşaq formasını axtardığını açıq şəkildə bildirib.
Caqmaidze “milli dəyərlərin və adət-ənənələrin qorunması xəttini” alqışlayıb, lakin “dövlət dini elan etmək” ifadəsinin o qədər də fundamental olmadığını qeyd edib.