“11 mindən çox insan getdi, indi minə yaxın insan müvəqqəti yerləşdirmə mərkəzlərindədir”
Avqustun 13-də səhər saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, demək olar ki, bütün əhali sərhəddəki Krasnoyaruzski rayonunu tərk edib.
“11 mindən çox insan getdi, indi minə yaxın insan müvəqqəti yerləşdirmə mərkəzlərindədir”, - deyə qubernator bildirib.
BBC qeyd edir ki, 2021-ci il siyahıyaalınmasına görə, ərazinin əhalisi 14 mindən bir qədər çox idi.
Bir gün əvvəl Qladkov Krasnoyaruzski rayonundan sakinlərin təxliyə edildiyini açıqlayıb. Yerli hakimiyyət daha sonra əraziyə girişi bağlayıb. Krasnoyaruzski rayonunun rəhbəri Andrey Miskov “Telegram”da yazıb ki, ərazidə qalan təxminən 500 nəfər administrasiya işçiləri və digər zəruri şəxslərdir.
Belqorod vilayətinin Krasnoyaruzski rayonu qərbdə Ukrayna, şimalda isə Kursk vilayətinin Belovski rayonu ilə həmsərhəddir və burada məcburi təxliyə elan edilib.
Avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayəti ərazisinə daxil olub. O vaxtdan bəri bölgədə döyüşlər davam edir. Kursk, Bryansk və Belqorod vilayətlərinin hakimiyyət orqanları regionlarda antiterror əməliyyatı rejimi tətbiq ediblər.
Son məlumatlara görə, Ukrayna hərbçiləri bir neçə onlarla yaşayış məntəqəsini nəzarətə götürə bilib. Kursk vilayətinin hakimiyyət orqanları təxminən 500 kvadrat kilometr ərazinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirir. Ukrayna tərəfi min kvadrat kilometr əraziyə nəzarət etdiyini iddia edir. Bununla belə, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bu bəyanatın doğruluğuna şübhə ilə yanaşırlar.
Rusiya hakimiyyətinin son məlumatlarına görə, Kursk vilayətində döyüşlər başlayandan bəri 12 nəfər həlak olub. 120-dən çox yaralı var. 120 mindən çox sakin Ukrayna ilə həmsərhəd bölgələri tərk edib. Təxminən 180 min insan təxliyə edilməlidir.