Rusiyanın “sursat aclığı” – Məğlubiyyət yaxınlaşır?

Dünya

19.09.2022 - 22:19

Rusiya artıq müharibədə məğlub olmağa məhkumdur: yeganə sual onun nə qədər tez gerçəkləşəcəyidir

Ötən gün Ukrayna hərbçiləri rusların tərk etdikləri mövqelərdə Çin istehsalı olan 60 mm-lik minaatan mərmisi tapıblar. Birinci versiyaya görə, mərmilər Çindən birbaşa Rusiya Federasiyasına çatdırılıb. Amma bu halda Çin anti-Rusiya sanksiyalarını pozmuş olardı. Bundan əlavə, bu ölkə artıq ABŞ və Avropanın ən böyük ticarət tərəfdaşlarından biridir. Dünyanın ikinci iqtisadiyyatı olan bir ölkə Rusiyaya silah tədarükü ilə niyə qumara girsin? Bu son dərəcə məntiqsiz görünür.

Bəzən Çin amerikalılara öz siyasi xəttlərinə rəhbərlik etmək və mövqelərini müdafiə etmək bacarığını nümayiş etdirə bilir. Ən azı Nensi Pelosinin Tayvana səfəri zamanı son “Çin xəbərdarlığını” xatırlayaq. Amma çinlilərin Rusiya-Ukrayna müharibəsinə müdaxiləsi bu ölkə üçün sərfəli deyil. Çünki müharibədə rus işğalçılarının məğlub olacağı göz qabağındadır. Üstəlik, Rusiyaya silah tədarükü vəziyyətində Çin də sanksiyalara məruz qalmaq riski daşıyır.

Digər tərəfdən, dünya iqtisadiyyatına bu qədər inteqrasiya olunmuş bir ölkəni “cəzalandırmaq” asandır? Çinə qarşı sanksiyaların tətbiqinə səbəb yalnız çox böyük həcmdə silah təchizatı ola bilər: minlərlə ton sursat. Tapılan 60 mm-lik minalara gəldikdə, bu, ciddi tədarükə bənzəmir. Rusiya ordusunun iki əsas kalibrli artilleriya silahı var. Söhbət 122 mm-lik haubitsalardan ("D-30" və "Qvozdika" və 152 mm-lik toplardan, "Akasiya", "Sümbül", "Msta-S") gedir. Bundan əlavə, rusların ciddi 203 mm-lik silahları var. Söhbət 60 mm-lik sursatdan gedirsə, aydındır ki, bunlar sırf zərbə radiusu 3-4 kilometrə qədər olan minaatanlar üçün minalardır.

Başqa bir versiyaya görə, minalar Çindən Rusiya Federasiyasına Şimali Koreya vasitəsilə daxil ola bilər. Amerika kəşfiyyatının məlumatına görə, Şimali Koreya rus işğalçılarını sursatla təmin etməyə başlayıb. Bu mərmilərin birbaşa KXDR tərəfindən ruslara çatdırılması daha məntiqlidir.

Ancaq böyük tədarüklərdən danışa bilmərik. Axı Şimali Koreyadan Ukraynanın işğal olunmuş ərazisinə qədər ən azı 7-8 min kilometr məsafə var. Belə məsafələrə təyyarələrlə çoxlu mərmi çatdıra bilməzsiniz - bu, çox baha başa gələr. Ona görə də, mənim fikrimcə, Şimali Koreya ruslar üçün bəlkə də bir neçə eşelon şəklində kiçik mərmi tədarükünü həyata keçirə bilər. Amma çətin ki, belə Koreya tədarükləri kütləvi bir fenomenə çevrilsin. Və onlar müharibənin axarını döndərə bilməyəcəklər.

Beləliklə, kimin belə 60 mm-lik mina istehsal edə biləcəyini dəqiq söyləmək üçün Çin və Koreya simvollarını aydın şəkildə ayırmaq lazımdır. Amma bu müzakirəyə varmadan belə, əsas nəticə çıxara bilərik: işğalçılara xaricdən istehsal olunan mərmilərin verilməsi Rusiyada sursat qıtlığının başladığından xəbər verir. Və bu heç də təəccüblü deyil.

Sentyabr ayına qədər ruslar gün ərzində 45-60 min atışdan istifadə edərək Ukrayna mövqelərinə nəhəng artilleriya zərbələri endirirdilər. Ruslar ayda cəmi 120 min mərmi istehsal edə bilirlər ki, bu, belə şiddətli döyüşlər zamanı cəmi iki günə kifayət edir.

Beləliklə, rus işğalçıları artıq əsas şeydən - sursatdan məhrum olmağa başlayıblar, çünki bu müharibə 95% artilleriya müharibəsidir.

Məlumdur ki, tammiqyaslı işğalın başlanması zamanı Rusiyada bütün çaplı mərmilərin ümumi ehtiyatları təxminən 15 milyon ədəd təşkil edirdi. İndi düşmən ehtiyatların yarıdan çoxunu, 8 milyonu istifadə edib.

Hələlik “sursat aclığı”na görə düşmən artilleriyasının işini dayandıracağını indidən demək düzgün olmazdı. Amma getdikcə hücumların sayı azalmalıdır. Rusiya artıq müharibədə məğlub olmağa məhkumdur. Yeganə sual onun nə qədər tez gerçəkləşəcəyidir.

Müəllif: Petr Çernik - hərbi ekspert

Mənbə UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Turan Abdulla