Əsir mübadiləsi “150-150” düsturu ilə baş tutub
Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsini həyata keçirib. Rusiya tərəfi 150 vətəndaşını geri qaytarıb. Ukrayna tərəfi hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla, 189 vətəndaşını geri qaytardığını bəyan edib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə “150-150” düsturuna əsasən baş tutub. Rusiya hərbçiləri Belarusa aparılıb, oradan müalicə və reabilitasiya üçün Rusiyanın tibb müəssisələrinə göndəriləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, vətənə qayıdan ukraynalılar arasında Azovstal, Çernobıl Atom Elektrik Stansiyasının və İlan adasının müdafiəçiləri, həmçinin Mariupoldan iki mülki şəxs var. O qeyd edib ki, azad edilmiş ukraynalılar arasında əsgərlər, çavuşlar, zabitlər, milli qvardiyaçılar, sərhədçilər, ərazi müdafiəsi döyüşçüləri, eləcə də Hərbi Dəniz Qüvvələri və Silahlı Qüvvələrin hərbçiləri var.
Rusiya ilə Ukrayna arasında əvvəlki əsir mübadiləsi 2024-cü il oktyabrın 18-də baş tutub. Həmin vaxt tərəflər 95 nəfəri geri qaytarıb. Sentyabrın 14-də Moskva və Kiyev “103-103” düsturuna əsasən məhbus mübadiləsi aparıb. Birləşmiş Ərəb Əmirlikləri də mübadilənin təşkilində vasitəçilik rolunu oynayıb.
Dekabrın 17-də Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova “böyük mübadilə” ilə bağlı danışıqlar barədə məlumat verdi, lakin o vaxt heç bir razılaşma əldə olunmadığını bildirmişdi.