Rusiya S-300 və S-400 sistemlərini Suriyadan Liviyaya köçürüb

Dünya

19.12.2024 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Qoşunlar, zərbə təyyarələri və silahlar da Suriyadan çıxarılıb

Rusiya Suriyadan Liviyaya qabaqcıl hava hücumundan müdafiə sistemləri və digər silahları köçürüb. Bu barədə “The Wall Street Journal” Amerika və Liviya rəsmilərinə istinadən yazıb. Bildirilib ki, Kreml bu yolla Bəşər Əsədin “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasından olan silahlı müxaliflər tərəfindən devrilməsindən sonra Yaxın Şərqdə nüfuzunu saxlamağa ümid edir.

Rusiya yük təyyarələri S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin komponentlərini, o cümlədən radarları Liviyanın şərqindəki Moskvanın dəstəklədiyi feldmarşal Xəlifə Haftarın nəzarətində olan ərazilərə daşıyıb. Qoşunlar, zərbə təyyarələri və silahlar da Suriyadan çıxarılıb və bununla ölkədəki Rusiya hərbi mövcudluğu əhəmiyyətli dərəcədə azalıb.

Eyni zamanda amerikalı rəsmi qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin Liviyada qalıb-qalmayacağı hələ ki, bəlli deyil.

Suriya bazaları, o cümlədən Rusiyanı Aralıq dənizinə yeganə birbaşa çıxışı ilə təmin edən Tartus limanı uzun müddətdir ki, Yaxın Şərq və Afrikaya gücün ötürülməsi üçün əsas nöqtələr, eləcə də qoşunların, muzdluların və silahların köçürülməsi üçün mərkəz rolunu oynayır. İndi Kreml NATO bazalarının yerləşdiyi bölgədə nüfuzunu və dəniz varlığını qorumaq üçün devrilmiş Əsəd rejiminin əvəzinə Liviyada köhnə tərəfdaşından istifadə etmək istəyir.

“Vaqner” muzdluları qurucusu Yevgeni Priqojinin ölümündən sonra Müdafiə Nazirliyinin nəzarətinə keçərək uzun müddət Liviyada olublar. Onların ölkənin şərqinə nəzarət edən Haftarla sıx əlaqələri var.

Keçən il yüksək səviyyəli rusiyalı məmurlar Haftar ilə Yunanıstan və İtaliyadan 400 mildən az məsafədə yerləşən Benqazi və ya Tobruk limanlarında doklara uzunmüddətli hüquqları müzakirə etmək üçün görüşdülər. Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da Liviyaya səfər edib.

ABŞ rəsmisi bildirib ki, Rusiya hərbi gəmilərini yerləşdirmək üçün Tobrukdakı liman obyektlərini təkmilləşdirməyi nəzərdən keçirir. Haftar illərdir Moskvadan ölkənin şərq hissəsinə nəzarətini gücləndirmək və Tripolidə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı hava hücumundan müdafiə sistemləri istəyir. Bununla belə, Qərb çətin ki, Rusiyanın Liviyada mövcudluğunu genişləndirməyə imkan versin. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də daxil olmaqla, Haftara Kremlin artan təsirinin yolverilməzliyi barədə dəfələrlə xəbərdarlıq edib.

Bununla belə, analitiklər hesab edirlər ki, Liviyadakı bazalar Suriyada itirilmiş mövqeləri tam şəkildə kompensasiya edə bilməyəcək.

Rusiya həmçinin Sudanda Qırmızı dəniz sahilində hərbi dəniz bazası yaratmaq üçün danışıqlar apararaq Süveyş kanalına, Hind okeanına və Ərəbistan yarımadasına daimi çıxışı təmin etməyə çalışır. Lakin hələlik Moskvanın vətəndaş müharibəsində dəstək verdiyi Sudan hakimiyyəti onu yarı yolda qarşılamaq fikrində deyil.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş