“Bu gün Rusiya Hərbi Dəniz Qüvvələri Novorossiysk şəhərinin boşaldılmasını başa çatdırmış kimi görünür”
Rusiya hərbi komandanlığı Ukrayna Silahlı Qüvvələrinin (AFU) uzaqmənzilli raketlərinin hücumu təhlükəsi ilə əlaqədar Qara dəniz donanmasının gəmilərini Novorossiyskdən köçürüb. AYNA xəbər verir ki, bu barədə OSINT analitiki H.İ.Satton bildirib.
“Ola bilsin ki, bu, Ukrayna aviasiyasının təhdidlərinə, həmçinin “Storm Shadow” raketlərinin Rusiya ərazisində istifadə oluna biləcəyi xəbərinə cavabdır. Bu gün Rusiya Hərbi Dəniz Qüvvələri Novorossiysk şəhərinin boşaldılmasını başa çatdırmış kimi görünür”, - analitik “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, boş bir limanı göstərən peyk şəklini də əlavə edib.
Bir gün əvvəl avropalı diplomatlar arasında olan məlumatlı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Kiyev Rusiyada uzaqmənzilli raketlərlə hücum etmək istədiyi hədəflərin siyahısını ABŞ və Böyük Britaniyaya təhvil verib. Siyahıya komanda mərkəzləri, yanacaq və silah anbarları, eləcə də canlı qüvvənin cəmləşdiyi yerlər daxildir.
Amerikanın ATACMS raketləri ilə yanaşı, Ukrayna ordusu Britaniyanın "Storm Shadow" raketlərindən və onların Fransadakı ekvivalenti olan SCALP-dən də istifadə etməyi gözləyir. Əgər Britaniya hakimiyyəti bu cür raketlərdən istifadə etmək üçün ABŞ-dan icazə tələb edirsə, o zaman Fransanın belə icazəyə ehtiyacı yoxdur. Bu barədə Fransa diplomatı “Reuters” agentliyinə müsahibəsində qeyd edib.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, ATACMS-dən istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rostov, Voronej, Belqorod, Kursk, Bryansk, Oryol, Lipetsk, Tambov və Kaluqa vilayətləri risk altında olacaq. Ümumilikdə, Rusiyada 245 hərbi obyekt hücuma məruz qala bilər, onlardan yalnız 16-sı (6,5%) hava bazaları, qalanları Rusiya briqadaları, qərargahları, komanda məntəqələri və hərbi zavodların bazalarıdır.
“The Times”ın yazdığına görə, Novorossiyskdəki hərbi dəniz bazası, Krasnodar diyarındakı hərbi aerodromlar, Şaykovkadakı aviabaza və bir sıra digər iri hərbi obyektlər “Fırtına kölgəsi”nə məruz qalır.
Bu, Qara Dəniz Donanmasının müharibə başlayandan bəri ikinci təxliyəsidir. Ötən ilin payızında Rusiya hərbçiləri Qara dəniz donanmasının gəmilərinin çoxunu Sevastopoldan Krasnodar diyarına köçürüb. Daha bir neçə gəmi Krım yarımadasının cənub-şərqindəki Feodosiyaya köçürülüb. Elə həmin ay Ukrayna Silahlı Qüvvələri Krımda iki S-400 buraxılış qurğusunu məhv etdi. Bu, yarımadanın hava hücumundan müdafiəsini açmağa və Sevastopoldakı dəniz bazasına çatmağa imkan verdi. Belə ki, sentyabrın 13-də pilotsuz təyyarələrin və Britaniyanın “Storm Shadow” raketlərinin köməyi ilə “Minsk” desant gəmisi və “Rostov-na-Don” sualtı qayığı vurulub.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına görə, dəyən ziyan nəticəsində donanma irimiqyaslı patrul əməliyyatları aparmaq və Ukrayna limanlarının blokadasını saxlamaq qabiliyyətini itirib. Onun Ukraynaya zərbə endirməsi də çətinləşib.