Rayon sakinləri su böhranı yaşayır, “Azərsu” təbiəti günahlandırır

Cəmiyyət

23.07.2020 - 18:12

Camaat pandemiya dövründə çox çətin vəziyyətlə üz-üzə qalıb

 

22 iyul 2020-ci ildə bir sıra yerli KİV-lərdə Zaqatala sakinlərinin, təxminən bir həftədir su problemi yaşadıqları ilə bağlı məlumat yayıldı. Qeyd olunurdu ki, bölgənin bir hissəsində su yoxdur, digərində isə aşağı təzyiq altında verilir və istifadə üçün yararsızdır.

 

“Vəziyyəti ağırlaşdıran odur ki, biz su çatışmazlığı problemi ilə pandemiya zamanı üzləşmişik. Zaqatala şəhərinin Nizami küçəsi və digər küçələrə gün ərzində su verilmir, ancaq gecə saatlarında 1-2 saat, o da aşağı təzyiq altında verilir, həmin su bulanıq və lilli olur. Bu su ilə heç əllərinizi belə, yuya bilməzsiniz. Eyni zamanda, hökumət karantin qaydalarına əməl etmək, əlləri tez-tez yumaq barədə tövsiyələr verir. Özümüzü virusdan qorumaq üçün su olmayan yerdə təmizliyə necə riayət edə bilərik?”, - deyə bir qrup Zaqatala sakini sula edir.

 

AYNA məsələni aydınlaşdırmaq üçün "Azərsu" ASC-nin "qaynar xətt"inə müraciət etdi. Oradan bildirdilər ki, sən demə, problemin səbəbi təbiətin şıltaqlığıdır. Yəni, güclü yağışlar yağması səbəbindən suyun təmizlənməsi üçün qurulan filterlər gil ilə tıxanıbmış: "Ancaq indi bu problem həll olundu".

 

Problemin həlli ilə bağlı ASC-dəki əminliyə baxmayaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Ramin Həsənovun AYNA-ya dediyinə görə, problem hələ də həll olunmamış qalır: “Leysan yağışları səbəbindən çaylardakı su o qədər bulandı ki, içilməz və istifadə edilməz hala gəldi. Bir problemin həlli üçün həm də öz qüvvəmizlə çıxış yolu tapmağa çalışırıq. Şəhərin müxtəlif bölgələrinə növbə ilə su verilir”.

 

“İcra hakimiyyəti əhalini təmin etmək üçün su daşıyan maşınlardan da istifadə edir. Ümid edirik ki, problem yaxın günlərdə tam olaraq öz həllini yapacaq”, Həsənov bildirdi.

Müəllif: Rəşad Rüstəmov