Qərbdən Kiyevə yardım gəlməsə… - Ukraynanın “B” planı

Dünya

18.12.2023 - 20:11

Prezidentin müşaviri: “Vəziyyətin bu cür inkişafı Maliyyə Nazirliyində əlavə gərginliyə və əsəbiliyə səbəb olacaq”

Deputat: “Əgər silah yoxdursa, biz artıq müdafiəyə hazırlaşırıq”

“Ukrayna Qərb müttəfiqlərinin köməyi olmasa “B” planına keçəcək”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi müşaviri Oleq Ustenko deyib. Ustenko Qərb müttəfiqlərindən maliyyə dəstəyinin gələcəyinə əmindir, lakin “nə vaxt” sualına cavab verə bilmir.

“Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, deməli, “B” planına keçmək lazımdır. "B" planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə kapital borclanması üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək”, Ukrayna liderinin müşaviri söyləyib.

Ustenko etiraf edib ki, vəziyyətin bu cür inkişafı Maliyyə Nazirliyində əlavə gərginliyə və əsəbiliyə səbəb olacaq, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Müşavir əlavə edib ki, bu, çox çətin olacaq, lakin yanvar ayı ərzində vəziyyəti düzəltməyə imkan verəcək.

“Ukrayna silah-sursat çatışmazlığı səbəbindən müdafiəyə keçməyə hazırlaşır və üç sıra möhkəmləndirilmiş istehkam qurur”. Bu sözləri isə Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova deyib.

“Əgər silah yoxdursa, biz artıq müdafiəyə hazırlaşırıq. İstehkamlar qururuq və bunları üç cərgə hazırlayırıq. Başa düşürük ki, xüsusilə qışda müdafiə müharibəsinə keçməli olacağıq, hücuma keçməməliyik. Başa düşməliyik ki, pul ayrılsa belə, dünyada mərmi tükənir”, Ali Radanın deputatı vurğulayıb.

Ustinova bildirib ki, ABŞ və Avropa hətta birgə səylərlə belə, Rusiyadakı qədər sursat istehsal edə bilmir: “Amerikalılar saatda təxminən 300 min mərmi istehsal edir, Ukrayna ordusu isə milyonlarla mərmi istifadə edir”.

Deputat əlavə edib ki, hazırda pilotsuz təyyarələrinin və digər silah növlərinin yaradılmasına daha çox diqqət yetirilir.

Bundan əvvəl Britaniyanın “Times” qəzeti Ukrayna Silahlı Qüvvələrinin müttəfiqlərdən aldığı sursatların keyfiyyət və kəmiyyətindən şikayət etdiyini yazıb. Hərbçilərdən birinin dediyinə görə, yayda hərbçilər on dəfə çox və daha keyfiyyətli mərmi alıblar.

“Reuters” agentliyi isə Ukraynanın Avropa İttifaqından 2023-cü il üçün vəd edilən bir milyon əvəzinə 480 min ədəd mərmi aldığını yazıb.

Avropa İttifaqı etiraf edib ki, 2024-cü ilin mart ayına qədər Ukraynanı qeyd olunan miqdarda döyüş sursatı ilə təmin edə bilməyəcək.

Pentaqonun rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor sosial şəbəkə hesabında yazıb ki, Ukrayna ABŞ-ın dəstəyi olmadan Rusiyaya qarşı bircə ay dayana bilməyəcək.

“ABŞ-ın köməyi olmadan Ukrayna təxminən 30 gün müharibəyə davam edə biləcək. Hələ bu, ən yaxşı halda mümkündür”, - Makqreqor vurğulayıb.

Amerikalı hərbçi Kiyevi Moskva ilə tezliklə sülh bağlamağa çağırıb. Makqreqor Vaşinqtonun Rusiyanı işğalçı müharibəyə başlamağa məcbur etməsi fikrini də səsləndirib.

Dünya mediasında yazılanlara görə, Ukrayna Prezidentinin Vaşinqtona səfərindən sonra Konqres Ukrayna Silahlı Qüvvələrinə yardım üçün pul ayrılmasına razılıq verməyib və bunu ABŞ-ın öz sərhədləri ilə bağlı daha vacib sual qarşısında qalması ilə izah edib.

Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından olan respublikaçı Mayk Conson Ukraynaya milyardlarla dollar yardım istəyən Ağ Ev administrasiyasının Meksika ilə sərhədə nəzarət etmək üçün ağlabatan heç nə etmədiyini vurğulayıb.

İqtisadçıların isə hesablamalarına görə, ABŞ tərəfinin Kiyevə elan olunan yardım 2023-cü ilin avqust-oktyabr aylarında minimum səviyyəyə çatıb - 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 90 faiz aşağı düşüb.

Müəllif: Turan Abdulla