“TRIPP Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirmək üçün əlavə imkanlar yarada bilər”
Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) Qazaxıstan üçün əlavə ticarət imkanları açır. AYNA.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin ABŞ-la danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan Nyu-Yorkda Xəzər Siyasət Mərkəzi (XSM) tərəfindən təşkil edilən yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) strateji əhəmiyyət verir və “TRIPP Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirmək üçün əlavə imkanlar yarada bilər”.
O qeyd edib ki, Qazaxıstan üçün bu, sadəcə nəqliyyat marşrutu deyil, gələcəyə qoyulan investisiya və Cənubi Qafqaz, Türkiyə və Avropa ilə nəqliyyat əlaqələrinin inkişafı üçün platformadır.
“Qazaxıstan TRIPP-i Orta Dəhlizin məntiqi davamı kimi görür. Bizim üçün TRIPP Avropa bazarlarına çıxışı 1000 kilometr azaldır və Cənubi Qafqazda nəqliyyat əlaqələrindəki boşluqları doldurmağa kömək edir, əlavə ticarət imkanları yaradır”, - deyə o bildirib.
Kazıxan əlavə edib ki, inkişafın növbəti mərhələsi üç prioritetə yönəlməlidir: bütün marşrut boyunca infrastrukturun birləşdirilməsi, sərhədyanı nəqliyyatın təkmilləşdirilməsi və uzunmüddətli investisiyaların səfərbər edilməsi.
O, həmçinin infrastruktur layihələrinin vahid regional şəbəkənin bir hissəsi kimi fəaliyyət göstərməsini təmin etmək üçün ölkələr arasında daha sıx koordinasiyanın vacibliyini vurğulayıb.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlandırılıb.