Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

Siyasət

29.09.2020 - 15:59

İcma beynəlxalq təşkilatları Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırır

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə AYNA-ya qurumdan bildirilib.

 

Müraciətdə qeyd olunub ki, təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhali atəşə tutulur və nəticədə mülki şəxslər arasında tələfat baş verir.

 

İcma evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Həmçinin, azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusi ilə qeyd edib”.

 

“İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırır. Bəyan edirik ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur”, - deyə müraciətdə vurğulanıb.    

Müəllif: Ayna.az