“Qarabağdan sonra” - Moskva-İrəvan münasibətlərində yeni konfiqurasiya

Dünya

03.12.2023 - 18:54

Sergey Markedonov: “Rusiya ilə Ermənistan arasında münasibətlər əvvəlki kimi olmayacaq”

“Rusiya ilə Ermənistan arasında münasibətlər əvvəlki kimi olmayacaq. Amma Rusiyanın Zaqafqaziyadan çıxması ilə bağlı nəticə çıxarmağa tələsməyə də ehtiyac yoxdur. Çünki bu region Rusiya Federasiyasının cənub bölgələrinin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin o da həqiqətdir ki, Rusiyanın postsovet Avrasiyasının ən təlatümlü hissələrindən birində mövcudluğunun konfiqurasiyası dəyişir”. Bu fikirləri məşhur rusiyalı politoloq və beynəlxalq məsələlər üzrə mütəxəssis Sergey Markedonov sosial şəbəkədəki hesabında yazıb.

Analitik hesab edir ki, İrəvanla Moskva arasında dialoqda bir növ aşağılama hissi var: “Belə ki, Ermənistanın Baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk sammitində iştirak etmədi. Onunla yanaşı, ən yaxın silahdaşları - xarici işlər naziri Ararat Mirzoyan, həmçinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin müvafiq struktur bölmələrinin iclaslarında iştirak etmədilər. Ermənistanın media məkanında isə KTMT-yə yumşaq desək, üstünlük verilmir. Söhbət həm ənənəvi mediadan, həm də sosial şəbəkələrdən gedir. Eyni zamanda, belə bir hiss var ki, İrəvan münasibətlərdə dərinləşən uçuruma hazır deyil. Ən azı indiki dövr üçün”.

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nikol Paşinyanın Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirakı gözlənilir. Bundan əvvəl Vladimir Putinin köməkçisi Yuri Uşakov da oxşar məlumat vermişdi. Hesab edirəm ki, məhz Peterburqda İrəvanın “Qarabağdan sonra” yanaşmalarında konfiqurasiya dəyişikliyi planlaşdırılır. Əgər Ermənistan rəhbərliyi KTMT-yə soyuqqanlı, bəzən də bilərəkdən nümayişkaranə şəkildə soyuq münasibət bəsləyirsə, deməli, Avrasiya İqtisadi İttifaqı ilə bağlı yanaşması fərqlidir”, - Markedonov vurğulayıb.

“Paşinyan Peterburqa gedib-getməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz Aİİ-yə sədrliyi öz öhdəmizə götürürük”, - deyə Ermənistan Parlamentinin sədri Alen Simonyan noyabrın 28-də bildirmişdi. Çətin ki, belə yüksək rütbəli dövlət xadimi bu vəziyyətdə sıradan bir bəyanat versin. Əgər İrəvan Moskvanın təhlükəsizlik zəmanətlərinə açıq-aşkar şübhə ilə yanaşırlarsa, o zaman Rusiya Federasiyası və Aİİ-dəki digər tərəfdaşlarla iqtisadi inteqrasiyanı nəinki saxlamaq, hətta bəlkə də dərinləşdirmək perspektivlərinə də açıq-aşkar skeptisizm var”, - analitik əlavə edib.

Politoloq qeyd edib ki, müttəfiqlər arasında münasibətlərdə hansı yeni konfiqurasiyalar yaransa da, köhnə problemlərin qarşısını almaq mümkün deyil: “Münasibətlərin şəxsi müstəvisinin əhəmiyyətini nəzərə alsaq, Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında söhbət vəziyyəti sakitləşdirə və onu daha konstruktiv istiqamətə apara bilər. Amma yenə deyirəm, əvvəlki münasibətlərin bərpası mümkün görünmür”.

Müəllif: Turan Abdulla