Nəhəng ölkənin cəmiyyəti deqradasiyaya uğrayır, orta əsrlərə doğru geri sürünür
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, deyəsən, rusların şüurunda qarşısıalınmaz dəyişikliklər baş verir. Üstəlik, dönüş heç də yaxşı tərəfə deyil. Rusiya vətəndaşlarının əksəriyyəti sanki ciddi bir xəstəliyə tutulublar - açıq axmaqlıq.
Üstəlik, diqqət çəkən budur: vətəndaşın sosial statusu nə qədər yüksəkdirsə, deyilən fikir, verilən qərar bir o qədər axmaq olur. Bu gün biz rusiyalı məmurların, teleaparıcıların, təbliğatçıların TOP-10 axmaq bəyanatlarını xatırlayacağıq.
10. Putinin Ukraynanı Vladimir Leninin yaratması ilə bağlı açıqlaması. Mətbuat konfransında Putin təcavüzə haqq qazandırmaq üçün Ukraynanın Vladimir Lenin tərəfindən yaradıldığını bildirib. "Ukraynanın necə yarandığını xatırlamamağa çalışırıq. Onu kim yaradıb? Lenin. Vladimir İliç. Sovet İttifaqını yaradanda. 22-ci ilin İttifaq müqaviləsində və 24-cü ilin Konstitusiyasında. Konstitusiya onun ölümündən sonra yaransa da, amma onun prinsiplərinə uyğun yaradılıb”, - deyə Putin vurğulayıb. Razılaşın ki, absurd ideya ermənilərin Azərbaycanın “Coca-Cola”dan gənc olması ilə bağlı təbliğat klişesinə çox uyğundur.
9. Putindən məktəblərdə və universitetlərdə hərbi təbliğatın yayılması ilə bağlı işi gücləndirmək tapşırığı – bu istiqamətə cari ilin büdcəsində rekord məbləğdə (40 milyard rubl) ayrılıb. Təsəvvür edin, Rusiya təhsil sistemi dünyada ən mükəmməl sistem deyil və orada kifayət qədər problemlər var. Ancaq müharibə aparan, sanksiyalar altında olan bir dövlətdə uşaqları təcavüzkar ruhda böyütmək üçün nəhəng məbləğ xərclənir. Bir növ Hitleryuqend kimi.
8. Məşhur aktrisa, milyonlarla keçmiş SSRİ ölkələrinin sevimlisi Liya Axedjakova Ukraynadakı müharibəni pislədiyinə, sülhə çağırdığına görə “Sovremennik” Teatrından qovulub. Göründüyü kimi, teatrda da rus cəmiyyətində olduğu kimi, “sülh” sözü təhlükəli məna əxz edir.
7. Rusiyanın Novosibirsk vilayətinin qanunvericilik məclisinin vitse-spikeri Anatoli Kubanova internetə çıxışın əhalinin əlindən alınmasını tələb etdi. Onun dərc etdiyi məqalədə deyilir ki, “hakim transmilli elitalar qlobal rəqəmsal termit yuvası qurur və texnoloji inqilab tətbiq edir”, “öz xalqını internet aləminə salan yerli hökumətlər hakmiyyətdən məhrum olurlar”, buna görə də “Rusiya son ümid flaqmanıdır”. Deputatın sözlərinə görə, internet “kütləvi informasiya və psixoloji məhv silahıdır” və “rəqəmsal gücü qəti şəkildə ictimai dövriyyədən çıxarmaq” lazımdır. Bu, şübhəsiz ki, məşhur bir filmdən ifadəni yada salır: “Kosmik gəmilər Kainatın genişliklərinə baş alan zaman…”. Rusiyalı deputat interneti qadağan etməyi təklif edir. “Rusiyanı ağılla başa düşmək olmur” ifadəsi burada çox dəqiq və yerinə düşən bir ifadədir.
6. Rusiyalı teleaparıcı Vladimir Solovyov Polşa və Britaniya ərazilərinin hərbi hədəflər kimi legitim elan edilməsinə çağırıb. Nə qədər “vətənpərvər” axmaq olmaq lazımdır ki, Rusiyanın Ukraynadakı ağır günlərində özünə əlavə problemlər yaratmağa çalışasan.
5. Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun “parlaq” fikirləri. Təcavüzün lap əvvəlində, Rusiya çoxsaylı sanksiyalarla üzləşəndə Tolstoyda inanılmaz vətənpərvərlik ruhu oyandı və o, avtomobil sənayesi haqqında öz “parlaq” fikirlərini açıqladı. “Və hər sahədə belə olacaq. Rusiya ərazisində lokallaşdırılmış avtomobil müəssisələrinin xarici sahibləri bizim bazarı tərk edərsə, belə olacaq. Onlar milliləşdiriləcək və eyni “Volkswagen”lər istehsal edəcək, lakin başqa adla. Qoy adı “Buratino” olsun, biz də sürərik”… Gördüz, necə dedi! Tamam, hələ də “McDonald's”-ın hansısa rus brendi adı altında milləşməsi ilə qimən razılaşa bilərsiniz, amma deputat avtomobil sənayesinə toxunanda, bağışlayın, artıq diaqnoz birmənalıdır. Və dərhal bir psixiatrın qəbuluna getmək tələb olunur. Bu məsələni təxirə salmaq olmaz. Bilirsiniz, yəqin ki, İkinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra heç kim almanları bu qədər təhqir etməyib, belə aşağılamamışdı. Hətta Rusiyanın özündə də daimi istehza obyekti olan Rusiya avtomobil sənayesi “Volkswagen” – “Buratino” istehsal etməyə hazırlaşır.
4. Ötən ilin aprelində sanksiyaların təzyiqi altında Rusiya Hindistana ölkələr arasında ticarəti milli valyuta - rupi və rublla aparmağı təklif edib. Yaxşı, Rusiya rupidən necə istifadə edəcək və ən əsası harada? Dollar və avro isə rubl və rupidən nəzərəçarpacaq “zərbə” aldı.
3. Bu yaxınlarda telekanalın efirində Marqarita Simonyan bəyan etdi ki, Rusiya ordusunun Ukraynadakı zəif davranışı Rusiya Federasiyasının ukraynalılara böyük sevgisi ilə izah olunur, çünki Moskva “qardaş xalqı qoruyur”. Deyəsən, bu cəfəngiyyatın şərhə belə, ehtiyacı yoxdur.
2. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya kifayət qədər ciddi şəkildə bildirib ki, Ukrayna ərazisində Rusiyaya qarşı istifadə üçün virusa yoluxmuş ağcaqanadlar daşımalı olan dronlar tapılıb. Düşünmürəm ki, insanlardan kiminsə ağcaqanadlara simpatiyası var, amma bu dəfə bu həşəratlar qaniçən yox, qurban kimi çıxış edir. Bu cəfəngiyyatda fantaziyanın genişliyini qeyd etməmək olmur.
1. Və nəhayət, inanılmaz, absurd bir hadisəni birinci yerə layiq görüldük. Moskva məktəblərindən birinin direktoru 5-ci sinif şagirdinin sinif yoldaşları ilə çat-söhbətində sarı və mavi rəngli avatardan istifadə etməsi barədə Daxili İşlər Nazirliyinə məlumat verib və polis 10 yaşlı qızı saxlayıb. Məktəbli qızın anasının dediyinə görə, sentyabrın sonunda onu “Nekrasovkadakı məktəb”ə çağırıblar və qızının niyə bu dərs ilində başlayan “Vacib məsələ haqqında söhbətlər” – vətənpərvərlik dərslərində iştirak etməməsini soruşublar. İclasda qadından qızının avatarı barədə də soruşublar. Ona həmçinin bildirilib ki, qızının bir sinif yoldaşının valideynlərindən biri məktəblinin ümumi sinif çatında sülh və müharibə haqqında sorğu aparmasından şikayətlənib...
Hər şey gülməli olardı, əgər bu qədər kədərli olmasaydı. Rusiya cəmiyyəti deqradasiyaya uğrayır, orta əsrlərə doğru geri sürünür. Təsəvvür edin ki, Ukraynaya qarşı müharibəyə başlamaq qərarına gələn bir nəfərin şıltaqlığına görə nəhəng Rusiya praktiki olaraq bütün dünyadan təcrid olunub. Hətta mütərəqqi hesab edilə bilməyən Afrika ölkələri də Rusiyaya etinasız yanaşıb. Afrika liderlərinin üçdə ikisi Putinin keçirəcəyi “Rusiya-Afrika” sammitinə getməkdən imtina edib...