“Qərbdə, Avropada heç kim bu faciənin necə başladığını xatırlamaq istəmir”
“Ukraynada müharibə 2014-cü ildə ölkədəki anti-konstitusiya çevrilişi, eləcə də Qərb ölkələrinin sonrakı hərəkətləri səbəbindən başlayıb”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Hər kəs Rusiyanın Ukraynada müharibəyə başladığına inanır. Amma heç kim - bunu vurğulamaq istəyirəm – Qərbdə, Avropada heç kim bu faciənin necə başladığını xatırlamaq istəmir. Bu, 2014-cü ildə Ukraynada dövlət çevrilişi ilə başladı - konstitusiyaya zidd dövlət çevrilişi ilə. Bu, müharibənin başlanğıcıdır. Yaxşı, bu çevrilişdə Rusiya günahkardırmı? Əlbəttə, xeyr”, - Putin bildirib.
Rusiya lideri əlavə edib ki, “Ukraynadakı çevrilişdən” sonra Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Kiyevə gələrək “siyasi böhranın həlli ilə bağlı sənədə imza atıblar”. Putin hesab edir ki, bu ölkələrin xarici işlər nazirləri “böhranın sülh yolu ilə həllinin təminatçısı” idilər: “Niyə çevrilişi həyata keçirən insanların hüquqi müstəvidə cavab verməsini tələb etmədilər? Bunun baş verməsində onların günahı var”.
Prezident bildirib ki, məhz çevrilişdən sonra Krım sakinləri Ukraynadan ayrılmaq qərarına gəliblər və Donbassda silahlı münaqişə başlayıb. Onun sözlərinə görə, Rusiya münaqişənin həlli üçün bir düstur tapmağa çalışıb, Minsk razılaşmaları imzalanıb, lakin “heç kim onları həyata keçirməyə hazırlaşmırdı”.
“Biz Minsk razılaşmalarının imzalanmasına kömək etdik, lakin məlum oldu ki, heç kim onları həyata keçirmək fikrində deyil. Bunu həm Almaniyanın keçmiş kansleri, həm də Fransanın keçmiş Prezidenti açıq şəkildə bəyan ediblər. Onlar açıq şəkildə bildirdilər ki, Minsk razılaşmalarını yerinə yetirmək niyyətində deyillər, ancaq Ukraynanı silahlandırmaq və hərbi əməliyyatların davam etdirilməsi üçün şərait yaratmaq üçün imzalayıblar”, - deyə Putin şikayətlənib.
Qeyd edək ki, 2023-cü ildə Putin yeddi dəfə Rusiyanın “aldadıldığı” barədə şikayət edib. Bu, 18 yanvar, 21 fevral, 14 mart, 30 may, 13 iyun, 8 iyul, 4 sentyabrda baş verib.