Rusiya Prezidenti Çində keçiriləcək APEC sammitində iştirak etməyi planlaşdırır
Rusiya Prezidenti Vladimir Putin Çinin ev sahibliyi edəcəyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etməyi planlaşdırır. Lakin Rusiya lideri ABŞ-da keçiriləcək G20 sammitində iştirak etməmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
APEC sammiti 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək. G20 sammiti isə 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək.
Agentliyin Kremlə yaxın mənbələrinə görə, Putin 2017-ci ildən bəri ilk dəfə APEC-də iştirak edəcək. Mənbələr qeyd ediblər ki, onun Floridadakı tədbirə qoşulma ehtimalı "son dərəcə aşağıdır".
Əvvəllər Kreml APEC sammitində ABŞ, Rusiya və Çin liderləri arasında üçtərəfli danışıqların mümkünlüyünü istisna etməmişdi, lakin belə bir görüşün hələ planlaşdırılmadığını bildirmişdi.
“Bloomberg” mənbələrinə görə, Kreml G20 sammitindən əvvəl Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda hər hansı bir irəliləyiş gözləmir.