Planlaşdırıldığı kimi bitən seçki və ya “onlar Kremlin müttəfiqidir”

Dünya

18.03.2024 - 20:20

İqar Tışkeviç: “Səs faizinin əvvəlki seçki tamaşalarından çox göstərilməsi Putin üçün kritik əhəmiyyətə malik idi”

Maksim Rozumnı: “Putin sisteminin inkişafının pik nöqtəsi, çox güman ki, yaxın bir-iki ildə olacaq”

Rusiyada keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki bülletenlərinin 100 faizi hesablanıb və nəticəyə əsasən, ölkənin indiki Prezidenti Vladimir Putin 87.28 faiz səslə liderdir. Nəticələrə görə, ikinci pillədə 4,31 faiz səslə Nikolay Xaritonov, üçüncü pillədə isə 3,85 faizlə Vladislav Dovonkov yer alıb. Leonid Slutski isə 3,20 faiz səs toplayıb.

Qeyd edək ki, Rusiya MSK seçkilərin yekun nəticəsini martın 21-i elan edəcək.

“Rusiyada seçkilər Kremldə planlaşdırıldığı kimi baş tutdu. Putinin reytinqi prezident seçiləcəyi təqdirdə səsləri manipulyasiya etməməyə imkan verdi. Amma burada söhbət çarın legitimləşdirilməsindən gedirdi. Ona görə də seçici fəallığı və səs faizi əhəmiyyətli idi. Səs faizinin əvvəlki seçki tamaşalarından çox göstərilməsi Putin üçün kritik əhəmiyyətə malik idi”. Bu sözləri Ukrayna Gələcək İnstitutunun rusşünaslıq üzrə eksperti İqar Tışkeviç UNİAN-a deyib.

Eyni zamanda, onun fikrincə, rəqəmlər seçki prosesinin ölçüsü deyil, yerli elitaların loyallığının göstəricisidir: “Amma Rusiya vətəndaşlarının belə bir mənzərəyə töhfəsini tamamilə danmaq olmaz. Rusiya müxalifətinin ruslara çağırışı ona gətirib çıxardı ki, seçici fəallığı artıq göstərildi. Müxalifət çağırış etmişdi ki, seçki məntəqəsinə gedilsin və bülletenlər etibarsız olsun. Əslində bu, seçici fəallığının yüksək olduğunu göstərmək üçün Kremlə şans tanımaq idi”.

“Putin sisteminin inkişafının pik nöqtəsi, çox güman ki, yaxın bir-iki ildə olacaq. Sonra həm idarəetmə sisteminin, həm də hakimiyyətin tədricən tənəzzülü baş verəcək. Burada söhbət illərdən, bəlkə də bir neçə on ildən gedir”, - Tışkeviç qeyd edib.

Siyasi elmlər doktoru Maksim Rozumnı isə deyib ki, əgər əvvəllər Qərb əsas probleminin Putin olduğunu hesab edirdisə, indi başa düşməlidir ki, problem Rusiya əhalisidir: “Rusiya əhalisi girov deyil, Kremllə ortaqdır. Sivil dünya buna reaksiya verərək təəccüblə qaşlarını qaldırıb, bundan sonra nə edəcəyi və qeyri-legitim rus diktatoru ilə necə ünsiyyət quracağına dair öz baxışını formalaşdırmağa çalışmalıdır. Rusiya Federasiyasındakı bu seçki şousu ilə Rusiyanın hansı gələcək strategiyasını seçdiyini müəyyənləşdirmək çətin deyil”.

Müəllif: Turan Abdulla