“Pəncə Qartal - 2” antiterror əməliyyatı başa çatıb

Dünya

14.02.2021 - 12:26

Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb”

 

Türkiyə Silahlı Qüvvələrinin İraqda apardığı “Pəncə Qartal - 2” antiterror əməliyyatı başa çatıb. AYNA xəbər verir ki, bu barədə Əməliyyat Mərkəzinə gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Nazir qeyd edib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib: “PKK-nın xain hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb”.

 

“Əməliyyatlar zamanı terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah da daxil olmaqla, ümumilikdə, 50-dən çox hədəf məhv edilib. Çətin iqlim şəraitində böyük bir ərazini əhatə edən son dərəcə vacib bir əməliyyatın həyata keçirildi. Əməliyyat zonasına girməyə çalışan, bölgə, eləcə də Türkiyə üçün təhlükə mənbəyi olan terrorçuların məhv edildi”, - Akar əlavə edib.

 

Qeyd edək ki, “Pəncə Qartal-2” antiterror əməliyyatı 2021-ci il fevralın 10-da başlayıb.

Müəllif: Ayna.az