Paşinyan: “Biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və müzakirə etmirik”

Dünya

12.02.2024 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

“Biz deməmişik ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkar və ya rədd edirik”

“Biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və müzakirə etmirik. Bizim NATO ilə tərəfdaşlığımız var və bu, yeni bir şey deyil”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph" nəşrinə müsahibəsində Ermənistanın gələcəkdə NATO-ya üzvlüyü nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz deməmişik ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkar və ya rədd edirik. Biz təhlükəsizliklə bağlı əlaqələrimizi şaxələndirəcəyimizi söylədik. Bunun mənası nədi? Bu o deməkdirmi ki, biz Rusiya ilə təhlükəsizlik əlaqələrimizi kəsəcəyik? Xeyr, bu o demək deyil, lakin o deməkdir ki, biz təhlükəsizlik sahəsində, məsələn, artıq reallıq olan Avropa İttifaqı ilə, Fransa ilə əlaqələr qurmaq üçün hazırlaşırıq və buna hazırıq. Müzakirələr aparırıq, işləyirik”.

“ABŞ, Fransa, Hindistan və ya Avropa İttifaqı ilə təhlükəsizlik əlaqələrimiz, təbii ki, Rusiyaya qarşı deyil. Bunlar sadəcə olaraq keçmişdə mövcud olan təhlükəsizlik əlaqələrinin bizim təhlükəsizlik ehtiyaclarımıza cavab vermədiyini göstərən reallıqlardır. Bizim gündəmimizdə NATO ilə bağlı belə bir məsələ yoxdur. Əvvəllər bizim NATO ilə Fərdi Tərəfdaşlıq Planımız var idi, lakin indi bu plan üzvlüyü nəzərdə tutmayan fərqli tərəfdaşlıq formatına çevrilir. Onu da deyim ki, biz bu gün ən azı de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük və Ermənistanda bloka üzvlük strategiyasının uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına nə dərəcədə uyğun olması ilə bağlı müzakirələr gedir”, - Paşinyan əlavə edib.

Paşinyan onu da qeyd edib ki, ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlıq digər təhlükəsizlik tərəfdaşına qarşı yönəlməyib: “Ukraynada müharibə yeni başlayanda mən hesab edirəm ki, Çexiyanın “CNN Prima News” telekanalına müsahibəmdə demişdim ki, biz Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyilik və bu indi də belədir. Amma onu da demək istəyirəm ki, bizim ABŞ, Fransa və ya digər tərəfdaşlarımızla təhlükəsizlik sahəsində əməkdaşlığımız başqa bir təhlükəsizlik tərəfdaşımıza qarşı yönəlməyib. Başqa məsələ odur ki, tərəfdaşlarımızın özləri onlarla əməkdaşlığın onların təhlükəsizlik sistemlərinə necə təsir edə biləcəyi ilə bağlı narahatlıq keçirirlər. Biz mümkün qədər şəffaf olmaqla, tərəfdaşlarımızla birgə gündəliyin bir hissəsi kimi bu problemi həll etməyə çalışırıq”.

Müəllif: Turan Abdulla