“Olimpiya çempionu yetişdirmədən özümə uğurlu məşqçi deyə bilmərəm” - FOTOLAR

İdman

16.04.2022 - 22:55

Həsən Əliyev: "İdmançıların savadsız oldugunu demək kökündən yanlışdır"

Hər zaman vətənə medalla geri dönən güləş üzrə milli komandamız sonuncu yarışdan da əliboş qayıtmadı. Güləşçilərimiz Avropa Çempionatından 2 qızıl, 1 gümüş və 5 bürünc medalla gəldilər.

AYNA-nın müsahibi də yunan-Roma güləşi üzrə Azərbaycan milli yığmasının məşqçisi Həsən Əliyevdir.

- Həsən Əliyev bu gün güləşin inkişafından razıdırmı?

- Bu gün güləşin inkişafı güləşdə qazanılan nəticələrdən bəlli olur. Hər şey yerli yerində olandan sonra nəticə mütləq ki, olacaq. Milli komandamız, demək olar, heç bir yarışdan medalsız geri dönmür. Bu, uğurlu nəticədir.

- Özünü idmançı, yoxsa məşqçi kimi daha uğurlu hesab edirsiniz?

- Olimpiya çempionu yetişdirmədən özümə uğurlu məşqçi deyə bilmərəm. Hələlik idmançı karyeramı daha uğurlu  sayıram.

- Bir müddət idmanda qazanılan uğursuzluqları karantin rejimi ilə əlaqələndirirdilər. Amma sizin idman növündə demək olar ki, uğursuzluq olmadı. Hər yarışda yaxşı nəticələr əldə olunurdu. Bunun sirri nədə idi?

- Qapanmalar dövründə  mövcud imkanlardan çalışdığımız qədər istifadə edib məşqlərimizi davam etdirirdik. Düzdür, yarışlar olmurdu. Amma çətin də olsa, məşqlərimizi davam etdirirdik.

- Qadınlardan ibarət güləş komandamız kişi komandasına baxanda  hələ də güclü deyil. Buna səbəb nədir?

- Ölkəmizdə qadın güləşinin inkişafının olduqca zəifdir. Çünki bizim ölkədə qadın güləşinə o qədər də maraq yoxdur. Bu, mentalitetlə bağılı bir məqamdır. Qadın güləşində rəqabət az olduğu üçün inkişaf da zəif olur.

- Məşqçi kimi hansı taktikanı seçmisiniz? İdmançının dostu olmaq, yoxsa zəhmli məşqçi obrazı ilə idmançını qorxu altında saxlamaq?

- Mən məşqçi kimi yeri gələndə zəhmli, yeri gələndə idmançılarla dost-qardaş, yeri gələndə də ailələrinin bir üzvü oluram. İdmançı məşqçini doğma biləndə, müəllimini ona can yandıran, ailəsindən biri kimi görəndə və ən əsası idmançı görəndə ki, sən ona özün üçün deyil, onun gələcəyi üçün, nəticə verməsi üçün çalışırsan, o zaman idmançı həm məşqdə, həm də yarışda nəticə əldə etməsi üçün var gücünü qoyur.

- Əgər güləş idmanına xanımların marağı olsa, bizim qadınlardan olimpiya çempionu çıxarmı?

- Buna illər lazımdır. Çünki bir olimpiya çempionunun yetişməsi üçün bir idmançı üzərində illərlə çalışmaq lazımdır. Bunun üçün güclü rəqabət və illərin zəhmət və əziyyəti tələb olunur.

- İdmançılar bəzən müəllimi aldatmaq üçün müxtəlif yollara əl atırlar. Uzun illər idmançı olmağınıza baxmayaraq, sizi də aldatmaq istəyən idmançı olurmu?

- Hər komandada yaxşılar olduğu kimi pislərin də olması normaldır. Çünki hər idmançı bir ailədən gəlir. Məşqçini aldatmaq idmançının ancaq özünə ziyan ola bilər. Bəzən aldatdığını düşünür, əslində isə elə deyil. Kifayət qədər bu idman həyatını yaşamış biri kimi bilirik nə necədir (gülür – T.X.).

- İllər öncə idmançılara savadsız, oxumadıqları üçüm özünü idmanda tapan kimi baxırdılar. Çoxu da həqiqətən məşqin çox zaman almasından təhsil ala bilmirdi. Bu gün tələbələrin dərslərinə nəzarət varmı? Yoxsa əsas məşqdir?

- İdmançının savadsız oldugunu demək kökündən yanlışdır. Bizim kifayət qədər savadlı idmançılarımız olub və hal-hazırda da var.

- Belə bir fikir var ki, güləşlə məşğul olmaq idmançının boyunun uzanmasını saxlayır. Uşaqların boyunun artmasına imkan vermir. Doğrudur?

- Bu, yanlış bir fikirdir. Elə olsa idi, bu gün böyük çəkidə idmançılar olmazdı. Hamısı balaca qalar və aşağı çəki dərəcələrində güləşirdilər. Bu gün 87-130 kilo dərəcəsində güləşən idmançılar varsa və bu çəkidə də kifayət qədər uca boylu olurlarsa, demək ki, bu fikir yanlışdır.

- Elə məşqçi var ki, idmançı zəif olsa belə, onu güclü ilə döyüşə çıxarır. Hətta zəif idmançı travma alsa belə, riski gözə alır - təki medal şansı olsun. Buna münasibətiniz?

- Belə məşqçilər artıq öz şəxsi mənafelərini güdən adamlardır. Təbii ki, belə şeylərə yol vermək olmaz. Məşqçi ilk növbədə özünü deyil, idmançını düşünməlidir.

- Tezlikdə sizi daha böyük yarışlar gözləyir. İslam Oyunlarında hansı idmançılardan medal gözləyirsiniz?

- İnşallah, çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq. Çalışırıq və daha artıq çalışacağıq. Bu, bizim işimizdir və işimizin ən yaxşısı nədirsə, onu etməyə çalışacağıq. Ad çəkmək istəmirəm, çünki mən hazırda komandada olan idmançılarımızın hər birinə inanıram.

Müəllif: Təranə Xudabaxşiyeva