Nə qazandıq, nə itirdik? – 2023-ün özəti

Maraqlı

29.12.2023 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Cari ilin mənzərəsi və gələn ildən gözləntilər

2023-cü ili baş vururuq. Yola saldığımız il Azərbaycanın həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldı. Lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Müstəqillik tariximizdə ilk dəfə olaraq 1280 MVt-lik ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasiminin keçirilməsi, 20 ilə yaxın parlament müzakirələrindən geri qaytarılan Rəqabət Məcəlləsinin qəbul edilməsi, 8 noyabr Zəfər Günündə Xankəndidə hərbi parad keçirilməsi, işğaldan azad edilən torpaqlarda yenidənqurma işlərinin davam etməsi, məcburi köçkünlərin daha bir qisminin doğma torpaqlarına qayıtması, növbədənkənar parlament seçkilərinin təyin olunması və digər hadisələr ilin mühüm hadisələri kimi tarixə düşdü. 

Lakin 2023-cü ildə həlli gözlənilən bir çox problemlər də öz həllini tapmadı. Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilmədi, paytaxt Bakıda sıxlığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmədi və s.

Qarşıdan 2024-cü il gəlir. Fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident, dekabr ayının 23-də isə bələdiyyə seçkiləri keçiriləcək. Noyabr ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi söylənilsə də, rəsmi olaraq öz təsdiqini tapmır. İdialara görə, növbəti ilin yazından ölkədə ciddi kadr islahatları həyata keçiriləcək və onlarla yüksək rütbəli məmur yola salınacaq.

Müxtəlif sahələr üzrə ekspertlər 2023-cü ilin yekunları və gələn ildən gözləntiləri ilə bağlı təəssüratlarını AYNA ilə bölüşüblər.

YAP-çı deputat, professor Ceyhun Məmmədov:

“2023-cü il ölkəmizin həyatında önəmli hadisələrlə yadda qaldı. 2020-ci il torpaqlarımızın işğaldan azad olunması ilə əlamətdar oldusa, 2023-cü il suverenliyimizin tam bərpası ili oldu. Çox qısa müddət ərzində həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində tarixi uğura imza atdıq.

Bu, heç şübhəsiz, Azərbaycanın regionun lider, dünyanın isə önəmli dövləti olaraq əhəmiyyətini artırdı. Ölkəmiz daha da gücləndi. İqtisadi inkişafımız təmin edildi, idarəetmə sahəsində islahatlar davam etdi.

Şübhəsiz ki, növbəti ildən də gözləntilərimiz böyükdür. Azərbaycan xalqı növbədənkənar prezident seçkilərinə hazırlaşır və hesab edirik ki, bu seçkilərdə də Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcək.

Qarşıda görəcəyimiz işlər çoxdur və cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin sayəsində hər yola saldığımız il ölkəmizin həyatında xoş hadisələrlə və qələbələrlə yadda qalır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov:

“2023-cü il qeyri-neft sektorundakı artımın yüksək olması ilə diqqət çəkdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində atılan addımlar, Füzuli və Laçın rayonlarına məcburi köçkünlərin qayıdışının həyata keçirilməsi ilin mühüm hadisələri sırasında yer alır.

Yola saldığımız ildə Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesinə daha çox vəsait ayrıldı. Tarixi zəfərdən bu yana ərazilərin bərpasına 12 milyard manat vəsait ayrılıb.

Makrosabitliyin qorunduğu 2023-cü ildə qeyri-neft sektoru da inkişaf etməyə başladı və ümumi iqtisadi artımla müqayisədə yüksək oldu. Bütün bunlar ilin uğurları sırasında qeyd oluna bilər”.

Müsavat Partiyasının başqanı Arif Hacılı:

“2023-cü il həm müsbət, həm də mənfi məqamlarla yadda qaldı. Müsbət məqam o idi ki, lokal antiterror əməliyyatı çərçivəsində ölkəmizin suverenliyi təmin olundu. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən qələbədən sonra bu, çox vacib hadisə idi.

Lakin demokratik dəyərlərin pozulması, insanların müxalif düşüncəsinə görə həbsi, siyasi rəqabət mühitinin olmaması, sərbəst toplaşmaq, ifadə azadlıqlarının pozulması ənənəsi bu il də davam etdi. Çox təəssüf ki, hakimiyyət bu yöndə siyasətini 2023-cü ildə də davam etdirdi.

Gözlənilmədən növbədənkənar prezident seçkilərinin təyin olunması söyləməyə əsas verir ki, hakimiyyət əldə olunan qələbələrdən nəticə çıxarıb, demokratik dəyişikliklər aparmaq iqtidarında və niyyətində deyil. Bu mənada 2024-cü ildən də gözləntilərimiz yüksək deyil”.

İqtisadçı ekspert Xalid Kərimli:

“Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda inlfyasiyanın səviyyəsi bu il ərzində də yüksək oldu. Düzdür, ilin ikinci yarısında müəyyən azalmalar müşahidə edildi. Təəssüflə qeyd etmək istəyirəm ki, bu il həm inflyasiya səviyyəsi, həm də iqtisadi vəziyyətimiz zəif olaraq qiymətləndirilə bilər.

İnsanların gəlirləri azaldı, alıcılıq qabiliyyəti aşağı düşdü. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi bahalaşmalar qeydə alındı. Tədiyə balansında 6.7 milyardlıq bir profisit yarandı.

Bu, o deməkdir ki, ölkəyə girən pullarla çıxan pullar arasındakı tarazlıq keçən il daha yaxşı idi. Daha çox pul gəlmişdi, o qədər ehtiyatlarımızın artmasına yönəlmişdi, amma bu il aşağı düşdü. Neftin qiymətinin aşağı düşməsi, ixracatın azalması, eyni zamanda qazın qiymətinin nisbətən ucuzlaşması bunu şərtləndirdi”.

Müəllif: Azər Niftiyev