“Moskva İrəvanın razılaşmadan boyun qaçırmasına imkan verməyəcək”

Siyasət

11.11.2020 - 13:34

Aleksandr Perenciyev: “Böyük ehtimalla, Paşinyan istefa vermək məcburiyyətində qalacaq və bəlkə də ölkəni tərk edəcək”

 

Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı sülh sənədi həm mətnin məzmunu baxımından, həm də bu mətnin imzalanması ilə bağlı bir çox suallar doğurur. Azərbaycan və Rusiya prezidentləri bu sənədi bütün tərəflərin imzaladığını, Paşinyan özü də “Facebook”-da çox çətin bir qərar verməli olduğunu bildirsə də, sonra heç bir şey imzalamadığını rəsmən elan etdi.

 

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyev AYNA-ya müsahibəsində baş verənlər, hələ erməni tərəfindən imzalanmamış sənədlə necə davranılacağı və İrəvanda hansı siyasi proseslərin inkişaf edəcəyi barədə danışıb.

Aleksandr Perenciyev: Gəncə şəhərinin atəşə tutulması qisasdır və bu,  erməni tərəfinin əsəblərinin dözmədiyini göstərir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

- İndi İrəvanda vəziyyət sabit deyil. Ermənistanda vəziyyətin gələcək inkişafını necə görürsünüz? Paşinyan hakimiyyətdə qala biləcək?

 

- Çox güman ki, Ermənistanda daxili siyasi böhran böyüməyə davam edəcək. Bu vəziyyətdə şəxsən daxili silahlı münaqişə elementlərinin təzahürlərini istisna etmirəm. Eyni zamanda, Azərbaycan tərəfinə xəbərdarlıq etmək istərdim ki, hadisələrin bu cür inkişafı onlara da sərf etmir. Əslində, bu zaman erməni tərəfindən müqavilə mövzusu yox olacaq. Bir mənada hadisələrin belə inkişafının başlanğıcı artıq baş verir. Axı, Paşinyan dünənə qədər Azərbaycanın ərazi bütövlüyünün bərpasında özünün barışmaz münasibətini, ilk növbədə, erməni icmasına göstərirdi. O, bütövlük prinsipi ilə əlaqədar rəsmi İrəvanın yüksək vəzifəli şəxsləri tərəfindən imzalanan müqavilələri belə, qəbul etmirdi. “Madrid prinsipi” də daxil olmaqla, bu tipli müqavilələri imzalayanlar Paşinyan və ətrafı tərəfindən xəyanətdə günahlandırılırdı. Ancaq, necə deyərlər, “özgəsinə quyu qazan özü düşər”. Hal-hazırda Nikol Paşinyan güzəştə getməyə məcbur oldu və dərhal müxalifət onu xəyanətdə günahlandırmağa başladı. Buna görə, böyük ehtimalla, Ermənistanın hazırkı Baş naziri istefa etmək məcburiyyətində qalacaq və bəlkə də ölkəni tərk edəcək.

 

- Nikol Paşinyan heç bir müqavilə imzalamadığını bildirir. Əgər onu devirsələr, onda Ermənistanın növbəti başçısı da bu müqavilələri imzalaya bilməyəcək. Bu, o deməkdirmi ki, razılaşmaların qanuni əsası yoxdur və Rusiya sülhməramlıları geri çəkilə bilər?

 

- Nikol Paşinyanın üçtərəfli razılaşmanı imzalamadığını söyləməsi haqqında, mən də Rusiyadakı hər kəs kimi heç nə bilmirəm. Şəxsən mən bu məlumatlara inanmıram, çünki bu, absurddur. Paşinyanın əvəzinə kim imza ata bilər? Üstəlik, necə olur olsun, onlar (müqavilələr) onsuz da bütün tərəflər tərəfindən həyata keçirilir. Rəsmi Moskvanın rəsmi İrəvanla imzaladığı müqavilələrin erməni tərəfindən həyata keçirilməməsinə dözməsi mümkün deyil. Yenə də Rusiyanın yüksək rəhbərliyi, Ermənistandakı bütün siyasi qüvvələri qanuni (müqavilə məsuliyyətində olan) münasibətlərdə saxlamaq üçün təzyiq rıçaqlarına sahibdir. Yeri gəlmişkən, sülhməramlıların özləri də rəsmi İrəvanı ən yüksək məmur tərəfindən Ermənistan adından imzalanan müqavilənin həyata keçirilməsinə dair qanuni çərçivədə saxlamaq üçün bir mexanizm olacaq.

 

- Paşinyan hakimiyyətdən getdikdən sonra rusiyapərəst qüvvələrin hakimiyyətə gələcəyini gözləyirsinizmi? Yoxsa qərbyönümlü olacaqlar?

 

- İnanıram ki, Ermənistandakı mövcud siyasi vəziyyətin qeyri-sabitliyi nisbətən qısa müddət ərzində çoxsaylı hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Fərqli qrupların nümayəndələri fərqli şüarlar altında hakimiyyətə gələcəklər ki, bu da əksər hallarda onların qərbyönümlü və ya rusiyayönümlü olduqlarını müəyyənləşdirməkdə çətinlik yaradacaq. Nəticədə, inanıram ki, ölkələrinin taleyinə məsul olan siyasi qüvvələr hakimiyyətə gələcək ki, bu da, ilk növbədə, Ermənistanın maraqlarını müdafiə edəcək və yalnız Rusiya ilə deyil, həm də ərazi bütövlüyünə hörmət edərək rəsmi Bakı ilə də konstruktiv münasibətlər quracaq.

Müəllif: Nicat Hacıyev