Mişeldən həyəcan təbili: “Rusiyanın növbəti hədəfi Avropadır”

Dünya

19.03.2024 - 17:04

“Biz müdafiəyə hazır olmalı və “müharibə iqtisadiyyatı” rejiminə keçməliyik”

“Avropa İttifaqı ölkələri öz iqtisadiyyatlarını müharibə vəziyyətinə keçirməli, Ukraynanın Rusiya üzərində qələbəsini təmin etmək üçün mümkün olan hər şeyi etməlidir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

“Rusiya Avropa qitəsinə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdid yaradır. Əgər biz lazımi cavab verməsək və Ukraynaya kifayət qədər yardım göstərməsək, növbəti hədəf olacağıq”, Mişel Avropa liderlərinin Brüsseldə keçiriləcək növbəti sammiti ərəfəsindəki yazısında bildirib.

Bununla bağlı Aİ Şurasının rəhbəri Avropa ölkələrini iqtisadiyyata yanaşmalarını yenidən nəzərdən keçirməyə və müdafiə məsələlərini birinci yerə qoymağa dəvət edib: “Biz müdafiəyə hazır olmalı və “müharibə iqtisadiyyatı” rejiminə keçməliyik. Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır. Biz artıq başqalarına arxalana bilmərik, ABŞ-da və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi başlayandan Avropanın müdafiə sənayesi öz gücünü 50 faiz artırıb və 2025-ci ilin sonuna qədər artilleriya mərmilərinin illik istehsalını iki dəfə artıraraq 2 milyon ədədə çatdıracaq.

Eyni zamanda, Mişel qeyd edib ki, bütövlükdə Aİ hərbi ehtiyaclara NATO-nun bəyan etdiyi ümumi daxili məhsulun 2%-i hədəfindən daha az vəsait xərcləyir, Rusiya isə keçən il ÜDM-in 6%-ni müdafiəyə xərcləyib.

Mişel həmçinin Kiyevə hərbi texnikanın tədarükü üçün Avropa fondlarından istifadə etməyə və “dondurulmuş Rusiya aktivlərindən əldə edilən külli miqdarda gəliri Ukrayna üçün silah almağa” yönəltməyə çağırıb.

Bundan əlavə, Mişel Aİ ölkələrinin 2030-cu ilə qədər müdafiə sənayesindən satınalmaları iki dəfə artırmasını zəruri hesab edir: “Bunun üçün biz Avropa müdafiə istiqrazlarının buraxılmasına başlaya bilərik ki, bu da silahların alınması üçün vəsait, eləcə də müdafiə sənayesinə investisiyalar cəlb edəcək”.

Müəllif: Turan Abdulla