Mərhəmət vaxtıdır, bir əl uzadaq

Cəmiyyət

17.04.2020 - 22:10

Dörd balası ilə birlikdə çarəsiz vəziyyətdə qalmış ananın yardıma ehtiyacı var

 

"Azərbaycan xalqı üçün koronavirusun zərərləri ilə yanaşı, müsbət tərəfləri də oldu", - desək, yəqin ki, çoxunuz bizimlə razılaşarsınız. Ancaq bu müsbət cəhətlərdən ən başlıcası xalqımızın paylaşmaq, yardımlaşmaq, mərhəmət hissinin yox olmadığına şahid olmağımızdır. Bu gün ölkəmizdə, həmçinin ölkəmizdən kənarda yaşayan xeyirxah həmvətənlərimiz işsiz qalmış insanlara əl tutur, ərzaq yardımları edirlər.

 

Onların sırasına Avropadakı soydaşlarımızın dəstəyi ilə “DiasporPress” İnformasiya Mərkəzi də qoşulub. Mərkəzin yardım etdiyini eşidən kimi Toğrul Allahverdili ilə danışdıq və bir ailənin ağır durumda olduğunu bildirdik. Sağ olsunlar, xahişimizi dərhal nəzərə aldılar və elə həmin gün yardım gözləyən ailəyə aparmaq üçün bizə bağlama verdilər. Biz də öz növbəmizdə yardım gözləyən ailəyə - Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi, ev 18-ə yollandıq.

 

Həmin ünvanda bizi iki övladı ilə birlikdə 40 yaşlı Nurməmmədova Könül Arzuman qızı qarşıladı. Könül Şəkinin Turan qəsəbəsində, ata evində rəsmi qeydiyyatdadır. 2007-ci ildə Zərdab rayonuna gəlin köçüb, 8 ildir isə Sabunçi rayonu ərazisində yerləşən gecəqondu tipli evdə kirayə qalır.

 

“Hər ay kommunal xərclərdən əlavə bu evə 130 manat kirayə pulu ödəyirəm. 4 övldam var: 12 yaşında iki qızım, 10 və 7 yaşlarında iki oğlum. Həyat yoldaşım bazarda fəhləlik edərək bizi yarı ac-yarı tox dolandırırdı. Ancaq qəfildən gözləri tutuldu, 3 ay bundan qabaq qaynanam gəlib apardı Zərdaba, müalicə etdirməyə. Mən balalarımla tək qaldım burda", - deyir müsahibimiz.

Həyat yoldaşı gedəndən sonra çarəsiz qalan Könül yaxınlıqda yerləşən şirniyyat sexində xadimə işinə düzəlib: “Şirniyyat sexinə getdim, vəziyyətimi danışdım, sağ olsunlar, işçiyə ehtiyac olmadığı halda, mənə iş verdilər. Orda işləyərək balalarımı birtəhər dolandırırdım. Sexdəki insaflı insanlar da ərzaq yardımı edirdilər, uşaqlarının balaca paltarlarını verirdilər ki, balalarıma geyindirim. Ancaq neçə vaxtdır, şirniyyat sexi bağlanıb, çarəsiz vəziyyətə düşmüşəm. Anam gəlib iki uşağımı rayona apardı ki, bu çətin vəziyyətdə mənə kömək olsun. İndi iki balamla birlikdə burda ac-susuz qalmışam, bir tikə çörək də verən yoxdur”.

Könülün qızlarının hər ikisi onurğa problemi ilə dünyaya gəlib, uzun müddət gəzə bilməyiblər: “İki il bundan qabaq yoldaşım bazarda bir nəfərlə tanış olmuşdu, qızlarımın vəziyyətini danışmışdı ona. O da sağ olsun, “Oksigen” klinikasında Eldar Abbasov və Aydın həkimə qızlarımı əməliyyat etdirdi. Bir qızımın həm onurğasına, həm də iki buduna, digər qızımın isə buduna mil qoyuldu. İndi biri gəzə, məktəbə gedə bilir, ancaq onurğasında mil olan məktəbə gedə bilmir”.

 

Ailənin hazırda heç bir yerdən gəliri yoxdur: “Nə sosial müavinət ala bilirik, nə də qızlarım pensiya alırlar. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, heç bir nəticəsi olmayıb. Cəmi bircə dəfə dedilər ki, filan sənədləri yığıb gətir, mən də aparıb verdim, ancaq bir soraq çıxmadı, nə "hə" dedilər, nə də "yox”".

Ailənin kirayə qaldığı mənzil olduqca bərbad vəziyyətdədir, həyətdən kanalizasiya suları açıq şəkildə axır, evə üfunət qoxusundan girmək mümkün deyil: “Bu evdə heç it də yaşamaz, ancaq biz məcburiyyətdən bura sığınmışıq. Kirayə pulunu vaxtlı-vaxtında verə bilmirəm deyə, başqa yerdə ev tuta bilmirəm, bu evin sahibi insaflıdır, gecikdirəndə möhlət verir. Ancaq ev çox acınacaqlı vəziyyətdədir, divarlardan su axır, nəmişlikdir. Kanalizasiya suları çoxalanda həyətə çıxa bilmirik. Həkim neçə dəfə deyib ki, bu evdə yaşamaq olmaz, uşaqlar üçün də, bizim üçün də təhlükəlidir”.

 

Könlümüz qubarlı halda Könüllə sağollaşdıq, 10 yaşlı oğlu Adəm isə bizi ötürməyə gəldi. Yolda bizimlə söhbət edən Adəm böyüyəndə polis olmaq istədiyini, ona görə də dərslərini yaxşı oxumağa çalışdığını bildirdi. Və utana-utana bir xahiş də etdi: “Xala, məni sünnət etdirə bilərsiz?”...

Sağ olsun, yaxşı insanlar, Adəmin səsini eşitdirən kimi səsimizə səs verdilər, doktor Vasif İsmayıl, millət vəkili Qənirə Paşayeva elə gecə ilə əlaqə saxlayıb, həm Adəmin, həm də qardaşının əməliyyat xərclərini öz üzərilərinə götürdülər. Karantin müddəti bitən kimi Adəmin Şəkidəki qardaşını da gətirib hər ikisini əməliyyat etdirəcəyik.

 

Ancaq təəssüflə qeyd etməliyik ki, Könülün və övladlarının problemi bununla bitmir. Onları təcili şəkildə, heyvan damından da bərbad vəziyyətdə olan evdən çıxarmaq lazımdır. Həmçinin ailəyə sosial müavinət və ya qızlarının əlilliyə görə pensiya almaları üçün yardım etmək lazımdır. Ümid edirik ki, müraciətlərimizə heç zaman biganə yanaşmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu dəfə də səsimizə səs verəcək - Könülün və 4 övladının problemlərini, qismən də olsa, həll etməkdə bizə yardımçı olacaqlar. O cümlədən, xeyirxah insanlarımızın Könülün mənzil probleminin yaxşılaşdırılmasında əllərindən gələni əsirgəməyəcəklərinə inanırıq.

Əminik ki, mərhəmətli insanlarımız çarəsiz durumda olan bu ailəyə biganə yanaşmayacaqlar, dəstək olacaqlar. Buna inanırıq və səsimizə səs verəcək hər kəsə öncədən təşəkkür edirik!

 

P.S. Sözügedən ailənin vəziyyətini göz önündə canlandırdıqca, ixtiyarsız olaraq dahi Vaqif Səmədoğlunun məşhur bir şeiri yada düşür. Həmin şeirdəki bir bənddə deyilir:

 

Qoy bu gün sevinim, utanım sabah

Yarımçıq çıxmasın sinəmdən bu ah,

Günaha batmağım gəlib, ay Allah,

Məhəbbət dəmidir, saxlama məni!

 

İndiki vəziyyətdə isə: Savab qazanmaq üçün əl saxlamayaq - mərhəmət dəmidir!

Müəllif: Rumiyyə Miraslan