Etirazçılar tələblərinin yerinə yetirilməsi üçün hökumətə bir həftə vaxt veriblər
Azərbaycan Laçın rayonunu işğaldan azad etdikdən sonra işğal dövründə qeyri-qanuni şəkildə orada məskunlaşmış, indi isə Ermənistana getmiş ermənilər İrəvanda hökumət binası qarşısında aksiya keçirirlər. AYNA erməni mediasına istinadən bildirir ki, etirazçılar ölkəni tərk edə bilmələri üçün səlahiyyətlilərdən təzminat və qaçqın statusu verilməsini tələb ediblər.
“Tezliklə burada olduğumuzdan bir il keçəcək, amma indiyə qədər Ermənistan hökumətindən konkret cavab almamışıq. Buradakı yaşayışımız üçün lazım olan şəraitin təmin olunacağı tarixi dəqiq bilmək istəyirik. Yaxud da, bizə Rusiyaya, Avropa ölkələrinə ölkələrinə getmək üçün qaçqın statusu versinlər”, - deyə etirazçılardan biri qeyd edib.
Digər etirazçı heç bir ailə üzvünün işi olmadığını, İrəvanda qalmaq istəmədiklərini söyləyib: “Biz paytaxtda qala bilmirik. Torpağa ehtiyacımız var. Kənd yerlərində yaşaya və işləyə bilərik”.
Tələblərinin siyasi olmadığını deyən etirazçılar ölkə rəhbərliyinə cavab vermək üçün bir həftə vaxt veriblər.
Onların məlumatına görə, Laçın rayonu boşaldılanda təxminən 13 min erməni Laçını tərk edib.