Havananın rəsmi tələbi BMT gündəliyinin 38-ci bəndi ilə bağlıdır
Kuba hökuməti ABŞ-ın iqtisadi embarqosunun dağıdıcı nəticələrini müzakirə etmək üçün Nyu-Yorkda BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını tələb edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Havananın rəsmi tələbi BMT gündəliyinin 38-ci bəndi ilə bağlıdır: ABŞ tərəfindən Kubaya qarşı tətbiq edilən iqtisadi, kommersiya və maliyyə embarqosuna son qoyulması zərurəti.
Kubanın xarici işlər naziri Bruno Rodriges mətbuat konfransında bildirib: "Biz BMT Baş Assambleyasının iclasını tələb etmək qərarına gəlmişik. Bu sessiyada Kuba ABŞ-ın ölkəmizə qarşı təcavüzkar hərəkətlərini pisləyəcək. ABŞ-ın çoxölçülü təcavüzü artıq tam gücdə olduğundan vəziyyət təcili müdaxilə tələb edir".
Kuba hakimiyyəti ənənəvi olaraq beynəlxalq ictimaiyyətin diqqətini Havananın “blokada” adlandırdığı sanksiya təzyiqinə cəlb etmək üçün BMT platformasından istifadə edir. Adanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Vaşinqtonun hazırkı məhdudlaşdırıcı tədbirləri Kubanın iqtisadiyyatına və sosial sahəsinə misli görünməmiş ziyan vurur.
Kubanın BMT-yə müraciəti ABŞ-ın hərəkətləri səbəbindən ada ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda baş verib. 30 yanvarda Donald Tramp Kubanı “milli təhlükəsizliyə təhdid” elan etdi. Amerika lideri adanı karbohidrogenlərlə təchiz edən ölkələrdən gələn mallara ciddi tariflər tətbiq edən sərəncam imzaladı və bununla da Havananın əsas yanacaq təchizatı xətlərini faktiki olaraq blokladı.
ABŞ sanksiyaları Kubada ciddi enerji çatışmazlığına səbəb olub. Mütəmadi təchizatın kəsilməsindən bəri adaya yalnız bir neft tankeri çata bilib - Rusiya gəmisi 730.000 barel neft çatdırıb, lakin bu miqdar yalnız bir ay üçün kifayət edib. Vəziyyət Kubanın yanacaq ehtiyacının yalnız 40%-ni təkbaşına istehsal edə bilməsi ilə daha da ağırlaşır.
Geniş yayılmış neft çatışmazlığı dərin enerji böhranına səbəb olub və ölkə daxilində genişmiqyaslı elektrik kəsintilər baş verir. Elektrik enerjisinin olmaması səbəbindən adadakı müəssisələr iş saatlarını azaltmaq məcburiyyətində qalıb, su təchizatı ciddi şəkildə pozulub, mağazalarda və evlərdə kütləvi şəkildə ərzaq xarab olub. Böhran sosial sahəyə də təsir edib: Kuba tibb müəssisələri elektrik kəsintiləri səbəbindən planlı cərrahiyyə əməliyyatlarını müvəqqəti olaraq dayandırmalı olublar.