Kremlin hakerləri Liz Trassın mobil telefonuna giriş ediblər - İddia qalmaqala səbəb oldu

Dünya

30.10.2022 - 14:15

Kibercinayətkarların ciddi və məxfi məlumatlar əldə edə bildiyi iddia olunur

Liz Trassın mobil telefonuna Böyük Britaniyanın xarici işlər naziri olarkən Kremlə bağlı hakerlər tərəfindən giriş əldə edilib. Kibercinayətkarlar qiymətli məlumatlara giriş əldə edə biliblər. Müxalifət məsələnin araşdırılmasına çağırır.

AYNA xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” agentliyi mənbələrinəə istinadən məlumat yayıb. Sonra xəbər əsas mediada, xüsusən də “Reuters” tərəfindən yayımlanıb.

İddialara görə, hakerlər beynəlxalq tərəfdaşlarla danışıqların, o cümlədən Ukraynaya silah tədarükü ilə bağlı aparılan danışıqların çox məxfi təfərrüatlarına, həmçinin Trass və Maliyyə Nazirliyinə rəhbərlik edən Kvazi Kvartenq arasında şəxsi yazışmalara giriş əldə ediblər. Kibercinayətkarların ixtiyarında Boris Consonun tənqidi ilə bağlı yazışmalar da olub.

Britaniya hökumətinin sözçüsü bu məlumatı şərh edə bilməyəcəyini, lakin hökumətin kiberhücumlardan qorunmaq üçün etibarlı mexanizmlərə malik olduğuna əmin olduğunu bildirib.

“The Guardian” yazır ki, müxalifət Trassın telefonunun sındırılması xəbərindən hiddətlənib və araşdırma aparılmasını tələb edir.

"Biz bilməliyik ki, hökumət milli təhlükəsizliyimizi tam şəkildə qorumağın vacibliyini dərk edir. Bu məlumatın niyə və necə sızdığı və ya sızması ilə bağlı ciddi suallar da var", - Leyboristlərin sözçüsü Yvette Cooper deyib.

Liberal Demokratlar Partiyasının sözçüsü Lila Moran Trassın telefonunun sındırılıb-sındırılmadığını, həqiqətən olub-olmadığını öyrənməyin vacib olduğunu söyləyib.

Xatırladaq ki, sentyabrın 5-də Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri seçildi, həmçinin Birləşmiş Kralllığın Baş naziri oldu. Amma oktyabrın 20-də, cəmi 45 gün vəzifədə qaldıqdan sonra istefa verdi.

Müəllif: Turan Abdulla