“Kreml üçün Zəngəzur dəhlizinin açılması sülhməramlılar qədər əhəmiyyətlidir”

Aktual

20.05.2021 - 10:24

Anar Həsənov: “Rusiya tərəf tutmur, İrəvan Bakı ilə üz-üzədir və bu şəraitdə Azərbaycan sahibi olduğu ərazilərdən geri çəkilməyəcək”

 

Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik son bir həftənin əsas müzakirə mövzusudur. Söhbət Azərbaycanın Ermənistanla sərhədinin Laçın rayonu hissəsində yerləşən Qaragölün ətrafındakı gərginlikdən gedir. Mayın 12-də Azərbaycan hərbçilərinin mövqelərini Qaragöl ətrafına çəkməsi, oradakı yüksəkliklərdə qərarlaşması Ermənistan tərəfində ajiotajla qarşılandı. Ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirdi və sonucda bəyanat verdi ki, bu, “Azərbaycanın Ermənistan ərazilərini işğalıdır”.

 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvana ünvanlanan tövsiyyə xarakterli bəyanatla çıxış edərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan ilə Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

 

Yəni, Azərbaycan əsgəri öz ərazilərimizdə mövqelər tutur, sərhədimizi bərpa edir ki, burada da qeyri-adi nəsə yoxdur. Ermənistanın vəziyyəti gərginləşdirməsi, təxribat xarakterli bəyanat verməsi, bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti gülməli görünsə də, bir sıra analitiklər rəsmi İrəvanın məkrinin olduğunu, ayıq-sayıqlığımızı itirməməyi tövsiyə edirlər.

 

Sözügedən məsələ və bölgədə gedən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənov əvvəlcə delimitasiya və demarkasiya məsələsinin mahiyyətinə toxunub:

No description available.

- Delimitasiya prosesi sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesi isə sərhədlərin nişanlanması, konkretləşdirilməsidir. Yəni, sərhədlərin işarələrlə nişanlanmasıdır ki, bu nişanlar kimin hansı əraziyə sahib olduğunu müəyyənləşdirir. Delimitasiya prosesində konkretlik olmasa da, demarkasiya bütün sualları cavablandırır. Azərbaycanla Ermənistan arasında demarkasiya prosesi baş verməyib. Bu gün Azərbaycan əsgərinin atdığı addımlar SSRİ dövrünün xəritələrinə uyğun olaraq delimitasiya edilmiş əraziyə qanuni olaraq sahib çıxmaqdır. Ora məhz Sovet İttifaqının dövründə delimitasiya edilib, demarkasiya edilməyib. SSRİ dağıldıqdan sonra Ermənsitanla Azərbaycan arasında münasibətlər olmadığına görə iki ölkə arasında sərhəd məsələsi heç vaxt müzakirə olunmayıb. Bu gün də demarkasiya mümkünsüzdür. Çünki Ermənistanla Azərbaycan arasında hələ də münasibətlər yoxdur. Hesab edirəm ki, bu işdə Rusiya vasitəçilik edə bilər. Necə ki, komissiya yaradılması haqqında Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlaması var. Təbii ki, Rusiyanın demarkasiya prosesinə cəlb edilməsi üçün gərək hər iki tərəfin razılığı olsun.

 

- Tərəflər Rusiyanın vasitəçiliyinə razı olmasa, o zaman sərhəd məsələsi necə həllini tapacaq?

 

- Bu kimi hallarda ya məsələlər bir qayda olaraq dondurulur, münasibətlər bərpa olunandan sonra demarkasiya baş verir. Ermənistanla Azərbaycan arasında münasibətlərin hazırda bərpası spektik görünür. Çünki müharibə təzə bitib, hələlik tərəflərin ittihamları var və s. Ya da tərəflərdən biri – belə anlaşılır ki, Azərbaycan tərəfi – indi sərhəddə münaqişəyə səbəb olan halı münaqişədən əvvəlki vəziyyətə qaytarır. Yəni ki, sərhəd keçmişdəki xəritələrlə müəyyənləşdirilir, delimitasiya necə olubsa, elə də qalır. Demarkasiya isə sonraya saxlanılır.

 

Əlbəttə, hansısa dövlət, xüsusən də Rusiya bu prosesə hər iki tərəfin rəyi ilə qoşula bilər. İndi aramızda real vasitəçi Rusiyadır. Bu ölkənin rəsmi şəxsləri də bəyan edirlər ki, tərəflər razıdırlarsa, o zaman prosesə cəlb oluna bilərlər. Bu, artıq Ermənistana mesajdır ki, Rusiya məsələdə tərəf olmayacaq. Ermənistan Azərbaycanla üz-üzədir. Belə olduğu şəraitdə hesab edirəm ki, Azərbaycan sahibi olduğu ərazilərdən geri çəkilməyəcək.

 

- Demək, əsas sənəd SSRİ dövründə müəyyənləşdirilən, qəbul olunan xəritələrdir...

 

- Bəli. Bu gün bizim üçün ən vacib sənəd SSRİ-nin tərtib etdiyi xəritələrdir. Sözügedən xəritələrdə isə ərazinin Azərbaycana aid olduğu görünür. Bu, tam olaraq delimitasiya da sayılmır. Çünki Ermənistan ilə Azərbaycan arasında delimitasiya müvafiq müqaviləyə əsasən aparılmalı idi. Dövlətlər SSRİ-nin tərkibində olduğuna görə SSRİ də sərhədi müəyyənləşdirib. Hazırda bu prosesləri həyata keçirmək mümkün deyil – ölkələr arasında münasibət yoxdur. Ona görə də əsas sənəd kimi SSRİ dövrünün xəritələri götürülür. SSRİ dağılandan sonra Azərbaycan ADR-in varisi olaraq, Ermənistan isə Ermənistan Respublikasının varisi olaraq öz dövlətlərini bərpa edib. Lakin həmin vaxt qarışıq dövr idi, müharibə başladı. Beləliklə, ölkələr arasında nə delimitasiya, nə də demarkasiya prosesi oldu.

 

Ümumiyyətlə, delimitasiya aparılmamış demarkasiya olmur. Çünki nə delimitasiya müqaviləsi var, nə də iki ölkə demarkasiyanı həyata keçirmək iqtidarındadır. Münasibətlərin olmaması səbəbindən hər iki dövlətin bu barədə mütəxəssislərdən ibarət komissiyası fəaliyyət göstərmir. Rusiya təklif verib, amma Azərbaycan tərəfi hələlik razı olub-olmaması barədə cavab verməyib.

 

- Qaragöllə bağlı gərginlik Lavrovun bölgəyə səfərinin ardınca yaşandı. Sizcə, bu, təsadüfdürmü?

 

- Düşünmürəm ki, sərhəddəki gərginlik Lavrovun İrəvan və Bakıya səfəri ilə əlaqəlidir. Bu gün Azərbaycan SSRİ xəritələrinə uyğun olaraq sərhədini müəyyənləşdirir, öz ərazilərinə sahib çıxır. Bütün bunlar Ermənistanın işğalının fəsadlarıdır. Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər 1991-ci ildə qarşılıqlı hörmət, mehriban qonşuluq siyasətinə uyğun qurulsaydı, bu gün belə gərginliklər, fəsadlar yaşanmazdı.

 

- İrəvanın KTMT-yə müraciətinin hansısa nəticəsi ola bilərmi?

 

- KTMT üzv olan dövlətlər Azərbaycana birmənalı şəkildə müsbət mövqeyi ilə seçilən dövlətlərdir. Bu təşkilatın üzv dövlətlərinin Azərbaycana müsbət yanaşmasını müharibə dövründə gördük. 2016-cı ilin Aprel döyüşləri zamanı da, 2020-ci ilin Tovuz döyüşləri zamanı da, İkinci Qarabağ müharibəsində də həmin dövlətlər rəsmi ritorikalarında Azərbaycana dəstək olduqlarını göstərdi. İstər Qazaxstan olsun, istər Belarus olsun - rəsmi Bakı ilə yaxşı münasibətdədirlər. Ümumiyyətlə, KTMT üzvləri ilə Azərbaycan arasında çox sıx münasibətlər var. Kənardan belə anlaşılır ki, KTMT-də qərar verən dövlət Rusiyadır. Sözsüz, Rusiyanın təşkilatda rolu böyükdür. Amma bu kimi məsələlərdə, xüsusilə də Ermənistan ilə Azərbaycan arasındakı zidiyyətlərdə KTMT dövlətlərinin birgə mövqeyi nəzərə alınır, bundan sonra da belə olacaq.

 

Hesab edirəm ki, KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə müdaxiləsi mümkün görünmür. Çünki həmin təşkilatın üzv dövlətləri Azərbaycanla dostdur, əməkdaşlıqlar var. Yaxın tarix bunu sübut edir. Baxmayaraq ki, Belarus və Qazaxstan KTMT üzvləridir, amma Azərbaycanın haqlı mövqeyini zaman-zaman müdafiə ediblər. Nəzərə almaq lazımdır ki, Rusiyadan sonra Belarus və Qazaxstan KTMT-nin mühüm dövlətləridir. Bir də ki, Rusiya rəsmi ritorikasında Ermənistana “mən bu məsələdə tərəf olmayacam”, - deyir.

 

- Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzir dəhlizi ilə bağlı açıqlama verdi və bildirdi ki, dəhliz müzakirə olunmur. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanatda bu, əksini tapıb və icrası ilə bağlı addımlar atılır, İşçi Qrup fəaliyyətdədir. Belə olan halda Paşinyanın sözügedən açıqlaması nəyə hesablanıb?

 

- Bu gün Ermənistanda Paşinyana qarşı bir çox aşağılayıcı ifadələrdən istifadə olunur. Məsələn, onu xəyanətkar adlandırırlar, torpaqları təhvil verməkdə ittiham edirlər. Paşinyan müdafiə mexanizmi olaraq Zəngəzur dəhlizi ilə bağlı qəti fikir səsləndirdi. Düşünürəm ki, bu, seçkiöncəsi daxili siyasi rəqabətin təzahürüdür. Çünki Zəngəzur dəhlizinin reallaşmasında Azərbaycan qədər Rusiya və Türkiyə də maraqlıdır. Bu dəhlizin açılması Rusiya üçün Qarabağda sülhməramlılarının olması qədər əhəmiyyətlidir. Ona görə ki, Qarabağdan Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı öhdəliyi var, hansı ki, Putin o sənədə imza atıb. Beş ildən sonra və yaxud uzadılarsa, 10 ildən sonra sülhməramlılar Qarabağdan çıxarılacaq. Zəngəzur dəhlizinin mühafizəsi isə müddətsiz olaraq Rusiyanın xüsusi xidmət orqanı olan FTX-yə həvalə edilir. Rusiya regionu, dövlətləri öz orbitində saxlamaq üçün Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün vacib olduğu qədər Rusiya üçün də daha vacibdir. Odur ki, Paşinyanın sərt rəsmi ritorikası seçkilərdən sonra dəyişəcək. Çünki yenə deyirəm, dəhlizin açılmasında Rusiyanın maraqları var.

Müəllif: Anar Bayramoğlu

GÜLSÜM

Dünən, 22:14 Yazarlar