İsrail təhdid edir, İran isə... – Yeni savaş astanasında

Dünya

23.05.2025 - 19:48

Həkimlər Klinikalar SEO Xidməti

İrandan dünyaya çağırış: “İsrailin təhdidləri ilə bağlı tədbir görülməlidir, əks halda...”

“Dünya ictimaiyyəti İranın nüvə proqramı ilə bağlı İsrailin təhdidlərinə məhəl qoymalı, tədbir görməlidir. Əks halda, Tehran nüvə proqramını qorumaq üçün xüsusi tədbirlər görməli olacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"BMT-nin Baş Katibi Antonio Quterreş və MAQATE-nin baş direktoru Rafael Qrossiyə yazdığım məktubda mən beynəlxalq ictimaiyyəti İsrailin davam edən təhdidlərinə qarşı effektiv qabaqlayıcı tədbirlər görməyə çağırdım. Əgər bunlar nəzərə alınmasa, İran nüvə obyektlərini və materiallarını qorumaq üçün xüsusi tədbirlərə əl atmağa məcbur olacaq", - nazir “X” sosial şəbəkə hesabında yazıb.

Əraqçi deyib ki, İranın bundan sonrakı addımları beynəlxalq strukturların reaksiyasından asılı olacaq. O qeyd edib ki, İsrailin İranın nüvə obyektlərinə hücum planları ilə bağlı ortaya çıxan xəbərlər BMT Təhlükəsizlik Şurası və MAQATE tərəfindən dərhal pislənilməlidir.

Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general-mayor Əli Məhəmməd Naeini deyib ki, İsrail hücum edərsə, İran ordusu güclü cavab verəcək.

Bundan əvvəl CNN amerikalı rəsmilərə istinadən xəbər verib ki, ABŞ-a daxil olan kəşfiyyat məlumatları İsrailin İrana zərbə endirməyə hazırlaşdığını göstərir. Daha sonra “Axios” portalı mənbələrə istinadən yazıb ki, Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, İsrail İranın nüvə obyektlərinə sürətli zərbə endirməyə hazırlaşır. Portal mənbələrindən biri deyib ki, İsrail ordusu uğurlu zərbə üçün “əməliyyat pəncərəsinin” tezliklə bağlana biləcəyinə inanır, ona görə də İran-Amerika danışıqları uğursuz olarsa, İsrail tez hərəkət etməli olacaq.

Bu gün isə ABŞ-İran nüvə danışıqlarının beşinci raundu Romada keçirilib. Hələlik danışıqlarla bağlı təfərrüatlar məlum deyil.  Mayın 11-də Omanda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İran və Amerika nümayəndə heyətlərinə Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq ediblər. İranın diplomatik missiyasının rəhbəri bir sıra güzəştlərə getməyə hazır olduğunu, tərəflərin danışıqları davam etdirməyə razılaşdıqlarını açıqlayıb.

“Axios” yazıb ki, danışıqların dördüncü raundundan sonra Vitkoff “Ağ Ev administrasiyasının İranın sülhməramlı nüvə proqramı ilə bağlı əsas parametrləri və monitorinq və nəzarət tələblərini” özündə əks etdirən sənədi İran tərəfinə təhvil verib. ABŞ prezidenti Donald Tramp isə iki gün əvvəl İranı ABŞ-ın nüvə sazişi təklifinə tez cavab verməyə çağırıb.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Livitt qeyd edib ki, Tramp bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürülməsini müzakirə ediblər.

"Lakin onlar düzgün istiqamətdə irəliləyən İranla potensial sövdələşmədən də danışıblar", - Livitt qeyd edib.

"Prezident dedi ki, İran razılaşması iki yolla mümkündür: bu ya çox müsbət diplomatik həlllə başa çata bilər, ya da İran üçün son dərəcə mənfi vəziyyətə gətirib çıxara bilər”, Ağ Evin mətbuat katibi əlavə edib.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş