Tehran atəşkəs naminə nüvə proqramı ilə bağlı güzəştləri rədd edib
İran atəşkəs naminə nüvə proqramı ilə bağlı güzəştləri rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın dövlətə məxsus IRNA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Donald Trampın əvvəllər danışıqların tez bir zamanda bərpa oluna biləcəyi barədə təklifinə baxmayaraq, İranla ABŞ arasında yeni danışıqlar planlaşdırılmır.
IRNA nümayəndə heyətinə yaxın mənbəyə istinadən yazıb: "Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən İran nümayəndə heyəti ABŞ ilə danışıqlar planlaşdırmır".
Donald Tramp bazar günü "Axios"a bildirib ki, Tehranın Hörmüz boğazını yeddi gün ərzində açmaq üçün hazırladığı planı rədd etməsindən bir gün sonra İranla danışıqların tezliklə bərpa olunacağını gözləyir.
“The Wall Street Journal" anonim mənbələrə istinadən bildirir ki, Tehranın nüvə məsələsində Vaşinqtona qarşı heç bir irəliləyiş etmək niyyəti yoxdur. Qəzetin məlumatına görə, İran tərəfi nüvə proqramını atəşkəslə bağlı danışıqları bərpa etmək üçün sövdələşmə vasitəsinə çevirmək istəmir.
Nəşrin mənbələri iddia edir ki, İran vasitəçilərə nüvə məsələsini müzakirə etməkdə xüsusilə maraqlı olmadığını açıq şəkildə bildirib. ABŞ Prezidenti Tehranın yeddi günlük atəşkəs təklifini rədd etdikdən sonra iranlılar hər hansı güzəşti gündəmdən çıxarıblar. Onlar dialoqu davam etdirməyə hazır olmamışdan əvvəl Amerika tərəfindən qarşılıqlı addımlar gözləyirlər.
Mənbələrə görə, İran rəhbərliyi ölkənin həm uzunmüddətli blokadaya, həm də ABŞ-ın növbəti zərbə dalğasına tab gətirə biləcəyinə əmindir.
Eyni mənbələr hesab edir ki, İranda faktiki hakimiyyət İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) cəmləşib. Bu elit hərbi-siyasi struktur uzun müddətdir ki, sərt mövqe tutur və Qərblə güzəştə getməkdən imtina edir.
Ötən həftənin əvvəlində WSJ Trampın İranın yeddi günlük atəşkəs təşəbbüsünü rədd etdiyini bildirmişdi. Qəzet həmçinin Amerika liderinin noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İrana zərbələri bərpa etmək niyyətində olduğunu da bildirmişdi. Nəşrin məlumatına görə, Tramp Tehranın ABŞ-ı qane edəcək bir razılığa gəlməyə hazır olmadığına inanır.