““Ənsar Allah” humanitar və ekoloji mülahizələri nəzərə alaraq bu tələbi qəbul etdi”
Yəmənin husilərdən ibarət üsyançı “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə hücuma məruz qalan və zədələnmiş “Sounion” tankerinin çəkilməsi üçün müvəqqəti atəşkəslə razılaşıblar. Bu barədə İranın BMT-dəki nümayəndəliyindən bildirilib.
Qırmızı dənizdə Yunanıstan bayrağı altında üzən "Sounion" tankeri avqustun 21-i səhər saatlarında hücuma məruz qalıb. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisinin (UKMTO) məlumatına görə, insident Yəmənin Hudeyda şəhərindən 77 dəniz mili qərbində baş verib. Üzərlərində 15-ə yaxın silahlı adam olan iki qayıq gəmiyə yaxınlaşıb. Onlarla gəmi heyəti arasında atışma olub, daha sonra tanker mərmilərin təsirindən idarəetməni itirib. Daha sonra kapitan UKMTO-ya gəminin göyərtəsində yanğınla nəticələnən başqa bir hücum barədə məlumat verib.
Qeyd olunur ki, hərəkat Qırmızı dənizdə İsrail rejiminə doğru hərəkət edən neft tankerlərinə hücum edəcəyini açıqlayıb. Neft tankerinin göyərtəsində baş verən yanğından sonra ola biləcək ekoloji təhlükə səbəbindən bir neçə ölkə gəmini və xilasetmə gəmilərini hadisə yerinə çəkmək üçün “Ənsar Allah” hərəkatından müvəqqəti atəşkəs istəyib.
““Ənsar Allah” humanitar və ekoloji mülahizələri nəzərə alaraq bu tələbi qəbul etdi", - İranın BMT-dəki missiyasından bildirilib.
Bundan əvvəl, avqustun 22-də Husilərin Ədən körfəzi və Qırmızı dənizdə iki gəmiyə hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilmişdi. Hərəkatın sözçüsü Yəhya Sariyanın sözlərinə görə, Qırmızı dənizdə üzən gəmi dəqiq və birbaşa zərbəyə məruz qalıb və nəticədə batmaq təhlükəsi yaranıb. Bundan əlavə, hərəkatın nümayəndəsi “həmçinin İsraillə əlaqəsi olan bir şirkətə məxsus olan” “Sw North Wind I” ticarət gəmisinə hücumlar edildiyini açıqlayıb.
Həmin gün Britaniya Qırmızı dənizdə gəminin yaxınlığında yeni partlayışların baş verdiyini açıqlayıb. Yəmənin Ədən limanının cənubunda avqustun 21-də husilərin artıq hücumuna məruz qalmış gəminin yaxınlığında daha üç partlayış baş verib.
Husilər İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq ötən ilin noyabrından Qırmızı dəniz və Ədən körfəzində gəmilərə zərbələr endirməyə başlayıb. Yanvarın 12-nə keçən gecə onların hərəkətlərinə cavab olaraq ABŞ və Böyük Britaniya Yəməndə husilərin hədəflərinə hücum edib. Ağ Ev bildirib ki, ölkənin hərəkətə nəzarət edilən ərazilərinə endirilən zərbələr müdafiə xarakteri daşıyır.