Hər gün 1,5 milyon barel: Çin İrandan neft idxalını rekord həddə çatdırıb

Dünya

16.08.2023 - 15:55

İranın iki əsas nefti hazırda “Brent”ə nisbətən bir barel üçün 10 dollardan çox aşağı qiymətlə satılır

“Kpler” analitik şirkətinin məlumatlarına istinadən “Bloomberg” yazır ki, bu ilin avqust ayında Çin İran neftinin alışını gündə 1,5 milyon barelə qədər artırıb ki, bu da ən azı 10 il ərzində rekord göstəricidir.

Müqayisə üçün qeyd edək ki, ilin ilk 7 ayında Çin gündə orta hesabla 917 min barel İran nefti idxal edib. Lakin iyunun sonundan etibarən “Brent” markalı neftin dəyəri beşdə bir artıb. Buna görə də ən böyük neft idxalçısı olan Çin endirimli xam neft alışını artırmağa başlayıb.

Treyderlər bildiriblər ki, İranın iki əsas nefti hazırda “Brent”ə nisbətən bir barel üçün 10 dollardan çox aşağı qiymətlə satılır. Bundan əlavə, İran istehsalçılarının qiymətləri Rusiyadan olan rəqiblərinin qiymətlərindən xeyli aşağıdır.

“Kpler”in baş neft bazarı üzrə analitiki Homayoun Falakşahi deyib ki, İran nefti ABŞ sanksiyalarından qaçmaq üçün tez-tez Çin hökumətinin məlumatlarında Malayziyadan gəlir kimi qeyd olunur. Bundan əlavə, Şandun əyalətindəki bəzi müstəqil neft emalı zavodları neft idxal kvotasını xərcləməmək üçün onu bitumlu qarışıq kimi “maskalaya” bilər.

Aprel ayında Çin hökuməti Şandun əyalətində xammal idxalı ilə bağlı araşdırmaya başlayıb və bir müddət yerli neft emalı zavodlarının İran və Venesueladan sanksiya tətbiq olunan nefti alması çətinləşib. Lakin treyderlərin sözlərinə görə, son vaxtlar bununla bağlı nəzarət yumşaldılıb.

İran neftinin Çin idxalının həcmini hesablayarkən yalnız “Kpler” və “Vortexa” kimi müstəqil məlumat təminatçılarının məlumatlarına etibar etmək olar. Çünki bu alışlar Çinin gömrük statistikasına daxil edilmir - ona görə, İrandan neft idxalı 2022-ci ilin iyun ayında dayandırılıb.

Rusiyanın Maliyyə Nazirliyi bildirib ki, iyulun 15-dən avqustun 14-dək Rusiyanın əsas ixrac markalı “Urals” neftinin orta dəyəri bir barel üçün 70,33 dollar təşkil edib ki, bu da bir ay əvvəlkindən 12 dollar çoxdur.

Müəllif: Turan Abdulla