Bir əsgər, iki mülki şəxs İsrailə təhvil verilib
Yanvarın 30-u səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları 482 gündür girovluqda olan İsrail əsgəri Aqam Berqeri Qəzza zolağının şimalındakı Cəbəliyyə bölgəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçilərinə təhvil verib. Komitə yaraqlılardan təhvil aldığı girovu İsrail xüsusi təyinatlılarına təhvil verib.
Berqer daha sonra xəstəxanaya aparılıb və orada tibbi müayinədən keçəcək, valideynləri ilə görüşəcək.
HƏMAS-ın bu gün daha iki israilli girovu azad etdiyi bildirilir: Arbel Yehud (Almaniya vətəndaşıdır) və 80 yaşlı Qadi Mozes.
Fələstinin “İslami Cihad” radikal hərəkatının girovluğunda olan Arbel Yehud HƏMAS və İsrail arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yanvarın 25-də azad edilməli idi. Bu baş vermədikdə, İsrail fələstinlilər üçün Qəzzanın cənubundan şimalına, köçkünlərin öz evlərinə qayıda biləcəyi marşrut açmaqdan imtina etdi. Bununla belə, bazar ertəsi gecə İsrailin Baş nazirinin ofisi bildirib ki, Arbel Yehud və daha iki girovun tezliklə azad ediləcəyi barədə məlumat alıb. Bundan sonra yanvarın 27-də səhər saatlarında İsrail ordusu Qəzza sakinlərinin şimal hissəsinə qayıtmasına icazə verib.
Bundan əlavə, HƏMAS beş Tailand vətəndaşını azad edib. Bildirilmişdi ki, tailandlı girovların azad edilməsi heç bir şərt olmadan həyata keçirilərsə, azad edilmiş israillilərin müqabilində Benyamin Netanyahu hökuməti 110 fələstinli məhbusu azad edəcək. Onlardan 32-si terror fəaliyyətinə görə ömürlük, 48-i isə ömürlük həbs cəzasına məhkum edilib.
HƏMAS-ın şənbə günü daha üç israilli girovu azad edəcəyi gözlənilir.
Qeyd edək ki, İsrail və HƏMAS yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşması əldə ediblər. O vaxtdan bəri HƏMAS iki mübadilədə yeddi girovu, İsrail isə 290 fələstinlini azad edib.