Fransada karantin sərtləşdirilir: ictimai yerlərdə içki içmək qadağan olunur

Dünya

01.04.2021 - 15:29

Gələn həftədən etibarən məktəblər və uşaq bağçaları üç həftə müddətinə bağlanacaq

 

Yaxın həftələrdə fransızlara koronavirusun yayılma təhlükəsi səbəbindən ictimai yerlərdə içmək qadağan ediləcək. AYNA xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti Baş nazir Jan Kasteksə istinadən yazıb.

 

Qeyd edilib ki, Fransa Senatına yeni təcrid rejimi planını təqdim edən Baş nazir epidemioloji qaydalara əməl etməyənləri qınayıb.

 

J.Kasteks bildirib ki, qaydalara əməl olunmasına nəzarət gücləndiriləcək: “Məclislərin təşkilinin, komendant saatına riayət edilməməsinin və maska taxılmamasının qarşısını almalıyıq. Daxili işlər nazirindən polis nəfərlərinin və jandarmların sayının artırmasını xahiş etdim”.

 

Baş nazir ictimai yerlərdə altı nəfərdən çox insanın toplanmasının qadağan edildiyini xatırladıb.

 

Qeyd edək ki, martın 31-də Fransa Prezidenti Emmanuel Makron infeksiyanın yayılması səbəbindən karantin rejiminin sərtləşdirilməsi qərarını imzalayıb. Fransanın 19 bölgəsində tətbiq edilən karantin rejimi artıq ölkənin bütün ölkəni əhatə edir. Gələn həftədən etibarən məktəblər və uşaq bağçaları üç həftə müddətinə bağlanacaq və fransızlar yalnız evdən 10 kilometrdən çox olmayan məsafədə hərəkət edə biləcəklər. Bölgələr arasında gediş-gəliş də məhdudlaşdırılıb.

Müəllif: Ayna.az