Makron və Merz birgə Təhlükəsizlik Şurasının yaradılması barədə razılığa gəliblər
Fransa Prezidenti Emmanuel Makron Almaniya ilə birgə Müdafiə və Təhlükəsizlik Şurasının yaradıldığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, Fransa lideri bu barədə Yelisey sarayında Almaniya kansleri Fridrix Merzlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz ümumi strateji çağırışlarımıza operativ cavab tədbirləri hazırlamaq üçün müntəzəm olaraq görüşəcək müdafiə və təhlükəsizlik üzrə Fransa-Almaniya Şurası yaradacağıq", - Makron bildirib.
Fridrix Merz öz növbəsində deyib ki, Avropa İttifaqının bütün üzvləri İttifaqın potensialındakı boşluqları doldurmaq və Ukraynaya fasiləsiz dəstəyi təmin etmək üçün müdafiə xərclərini artırmalıdır.
“Yalnız bu yolla biz öz imkanlarımızdakı boşluqları tədricən aradan qaldıra və Ukraynanı kollektiv şəkildə dəstəkləyə bilərik”, - deyə Merz qeyd edib.