Daha bir "yadplanetli" həşərat tapılıb
İndoneziyanın Bali Adasında yaşayan Hari Toaenin evinin tavanında gördüyü qorxunc məxluq görənləri heyrətə salıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, "Arctiinae" olaraq adlandırılan bu qorxunc məxluqun güvə ailəsinə aid olması ehtimal edilir.
Qorxunc canlının iki qanadının və müxtəlif uzunluqlarda dörd qolunun olduğu görünür.
Hari qanadlı həşərata bənzəyən qorxunc canlının onun evinə yağışdan sonra girdiyini ehtimal edir.
İndoneziyalı əcaib canlıdan qorxsa da, onu evindən qovmayıb, bir gecəlik "qonaq edib": "Bir gecəlik evimdə qalmasına imkan verəcəm. Ancaq daha çox saxlaya bilmərəm, evimə gələnləri qorxudub qaçıra bilər".
Mütəxəssislər bildiriblər ki, bu əcaib canlı cənub-şərqi Asiya və Avstraliyaya xas olan "Creatonotos gangis" adlı güvə növü ilə oxşar səciyyəvi xüsusiyyətlər daşıyır.