Ermənilərin konstitusiya qalmaqalı: Paşinyan “yerini bərkidir”, yoxsa...

Dünya

23.01.2024 - 22:04

Qohar Meloyan: “Konstitusiyamızda rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur”

Tevos Arşakyan: “Düşünmürəm ki, Paşinyan Konstitusiyanı dəyişdirməklə hakimiyyətdə qalma müddətini uzatmaq niyyətindədir”

Hazırda Ermənistanın daxili siyasi həyatında müzakirə olunan əsas mövzulardan biri də Konstitusiya ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın ötən həftə Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olması barədə dedikləri müxalif siyasi dairələrdə etirazlarla qarşılanıb.

Qeyd edək ki, Paşinyan Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyacın olduğunu deyib: “Ermənistan yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək Konstitusiyaya malik olmalıdır”.

Bundan sonra kçmişdə hakimiyyətdə olmuş erməni müxalifəti və onlara yaxın mediada Paşinyana siyasi hücumlar başlayıb. Müxalifət iddia edir ki, Paşinyan diktator səlahiyyətləri istəyir, super gücə malik prezidentliyə can atır. Müxaliflər Baş naziri Konstitusiyanı dəyişmək hüququ və səlahiyyətinin olmamasında ittiham edərək hakimiyyətə hücum etmək üçün yeni informasiya mənbələri axtarmaqda davam edirlər. Onların fikrincə, hökumət başçısının siyasi komandasının və konstitusiya dəyişiklikləri üzrə işçi qrupunun peşəkar hazırlığı yeni Konstitusiyanın yazılması üçün lazım olan bilik fondundan çox uzaqdır.

Konstitusiya hüququ üzrə erməni ekspert Qohar Meloyan deyib “Aysor”a açıqlamasında deyib ki, hazırki Ermənistan Konstitusiyasında rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur: “Görünən odur ki, Konstitusiya dəyişikliyi 5 ildir hakimiyyətə gələn qüvvələrin hər zaman gündəmində olub. Baş nazir yeni Konstitusiyaya ehtiyacımız olduğunu deyir. Yanlış fikirdir. Bunu konstitusiya islahatları üzrə mövcud iki komissiya sübut edir. Onlardan birincisi müharibədən sonrakı dövrdə buraxılıb, ondan sonra isə hələ də fəaliyyət göstərən ikinci komissiya yaradılıb. Hakim qüvvələrin çıxışlarında həmişə Konstitusiya dəyişiklikləri barədə fikirlər olub. Qeyd edim ki, Konstitusiya islahatı, Konstitusiyaya dəyişiklik, yeni Konstitusiya başqa şeylərdir”.

“Əsas fərq ondan ibarətdir ki, əgər Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı dəyişməz maddələrimiz varsa, o zaman yeni Konstitusiya qəbul edilərsə, Konstitusiyada əsas olan və Müstəqillik Bəyannaməsinə istinad edən preambula və əsas prinsiplərə istinad edilməyə bilər. Bununla onlar artıq Konstitusiya ilə dəyişdirilə bilməyən müddəalara dəyişiklik etmək imkanı əldə edəcəklər”, - hüquqşünas qeyd edib.

Ekspertin fikrincə, problem bütün bu illər ərzində gündəmdə olan Konstitusiya dəyişikliklərində sırf populist terminlərdən istifadə edilməsindədir: “Məsələn, Konstitusiyanı daha az rəqabətədavamlı adlandırmaq yanlışdır. Məncə, Konstitusiyamızda rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur. Hətta 2015-ci il Konstitusiya dəyişiklikləri nəticəsində insan hüquqları ilə bağlı konkret fəsil beynəlxalq təşkilatlar tərəfindən ən yüksək keyfiyyətlərdən biri kimi qiymətləndirilib”.

Onun sözlərinə görə, ola bilsin ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməsin. Eyni zamanda, atributlarda dəyişiklik edilsin: “Məsələn, gerbimizdə dəyişikliklər mütəmadi olaraq gündəmdədir və xüsusən də gerblə bağlı Türkiyə həmişə Ermənistandan Ağrı dağını gerbdən çıxarmağı tələb edib. Hökumətin yanında gerbin dəyişdirilməsi məsələsi gündəmə gətiriləndə mən həmişə təkid etdim ki, bu, Ermənistan Respublikası vətəndaşlarının qərarının nəticəsi olmalıdır, çünki gerbin təsviri referendumla verilib. Konstitusiyamızla Ağrı dağının adı da daxil olmaqla xalq verib. Konstitusiyaya edilən dəyişikliklər isə yalnız vətəndaşların qərarı ilə dəyişdirilə bilər. Bizim Konstitusiyada ərazi bütövlüyünün müəyyənləşdirilməsinə, məsələn, anklavlar məsələsinə aid müddəa var”.

“Bununla belə, hazırda biz yalnız fərziyyələrlə nəticə çıxara bilərik. Hesab edirəm ki, yeni Konstitusiya ideyası axmaq ideyadır. Hakimiyyət niyə Konstitusiyanı dəyişməyi detallı izah etsə, daha yaxşı olar”, Meloyan fikrini tamamlayıb.

Erməni politoloq Tevos Arşakyan isə məsələ ilə bağlı yazısında qeyd edib ki, Paşinyanın yeni Konstitusiya ilə bağlı dedikləri ilk dəfə deyil: “2021-ci il martın 1-də keçirilən mitinqdə Baş nazir mövcud Konstitusiyadakı bir sıra çatışmazlıqları açıqladı. Yəni biz üç ilə yaxındır ki, yeni Konstitusiyadan danışırıq. Amma indi bütün “keçmiş ordu” birdən-birə təşvişə düşüb. Göründüyü kimi, Paşinyan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı fikirlərini artıq gücləndirib və bu, hələ bu ilin əvvəlində baş verə bilər. Təbii ki, Konstitusiyanın bu qədər tez-tez dəyişdirilməsi məqsədəuyğun deyil, xüsusən indiki Konstitusiya o qədər də köhnə deyily. Məsələn, amerikalılar 200 ildən çox əvvəl qəbul edilmiş mövcud Konstitusiyaların ən qədimi ilə yaşayırlar. Orada prezidentlər gəlib-gedirlər, amma heç birinin ağlına da gəlmir ki, özlərinə xoş gəlmək üçün Konstitusiyanı dəyişdirsinlər. Yeri gəlmişkən, ABŞ Konstitusiyasında “demokratiya” sözü yoxdur. Bizdə Konstitusiyanı dəyişmək istəyən bütün hakimiyyətlər demokratiyanın arxasında gizləniblər. Amma qoy hüquqşünaslar, konstitusiya hüququ mütəxəssisləri buna etiraz etsinlər və etirazlarını əsaslandırsınlar”.

“Mən keçmiş hakimiyyətin indiki hakimiyyətə qarşı ittihamlarının absurd olduğunu düşünürəm. Yadımdadır, məhz birincilər 2015-ci il dekabrın 6-da prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçidi nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirmək təşəbbüsü ilə çıxış etmişdilər. Sarkisyanın və hökumətinin xalqa bəslədiyi bütün söhbətlərin, xüsusən də “siyasi həyatı demokratikləşdirmək istəyi, bunu parlament idarəçiliyi ilə təmin etmək istəyi”nin arxasında Sarkisyanın ikinci prezidentlik müddətindən sonra da hakimiyyətdə qalmaq kimi bayağı istəyi gizlənirdi. Və konstitusiya hüququ üzrə ekspertlər ona Konstitusiyanı dəyişdirməyi məsləhət görüblər ki, bu da hakimiyyəti geniş səlahiyyətli Prezidentdən geniş səlahiyyətli Baş nazirə çevirdi. Təbii ki, o vaxt Sarkisyan Baş nazir rolunda ancaq özünü görürdü. Və uzun müddət Baş nazir postuna namizədliyini inkar etsə də, yenə də müqavimət göstərə bilmədi və 2018-ci ilin yazında “kütlənin təzyiqi altında” hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdü. Düzdür, tezliklə inqilaba çevrilən etiraz və yürüşlərdə həmin kütlə Sarkisyanı tarixin zibilliyinə atdı. İndi həmin qüvvələr Paşinyanın özü üçün Konstitusiya dəyişikliyinə getmək istədiyini iddia edir. Paşinyan açıq şəkildə deyir ki, o, Konstitusiyanı özünə uyğun dəyişmir və hakimiyyətdə qalma müddətini uzatmaq fikrində deyil. Mənə elə gəlir ki, Baş nazir yalan demir. Təbii ki, 6 il əvvəlki Serj Sarkisyandan fərqli olaraq”, - Arşakyan vurğulayıb.

Analitik qeyd edib ki, 2018-ci ildəki Sarkisyandan fərqli olaraq, Paşinyanın hazırkı reytinqi ona hakimiyyəti saxlamağa imkan verir: “Ona görə yox ki, insanlar onu çox sevirlər. Xeyr, sadəcə ona görə ki, onun alternativi yoxdur”.

Müəllif: Turan Abdulla