Erməni bombardmanlarında dağılmış evlərdən nə xəbər – <font color=red> Hamı NK-nın qərarını gözləyir</font>

Cəmiyyət

05.11.2020 - 20:21

Zərərçəkmiş sakinlər yataqxanalarda və qohum-əqrəba evlərində yerləşdirilib

 

Azərbaycanda ermənilərin işğal etdikləri torpaqların azad edilməsi prosesi davam edir. Ordumuz yalnız silahlı düşmənə qarşı mübarizə aparırsa, ermənilər dinc Azərbaycan əhalisinin məhv edilməsinə çalışırlar. Bunu Azərbaycanın Gəncə, Bərdə və digər şəhər və kəndlərindəki mülki şəxslərin evlərinin bombalanması sübut edir.

 

Azərbaycan dövləti dağıdılmış və zərər görmüş evlərin bərpası üçün bütün xərcləri öz üzərinə götürəcəyini açıqladı. Mülayim hava şəraitini nəzərə alsaq da, qışın artıq gəldiyini və evləri erməni barbarları tərəfindən dağıdılmış, başları üstündə damları olmayan əhalinin kəskin soyuqların düşməsi halında çətin vəziyyətə düşə biləcəyini xatırlamaq lazımdır.

 

AYNA ermənilərin atəşi nəticəsində evlərinə zərər dəyən sakinlərin bu gün necə yaşadıqlarını, zədələnmiş evlərin bərpası prosesinin necə getdiyini öyrənməyə çalışıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdir müavini Həsən Məmmədov, Azərbaycanın ikinci böyük şəhərinin iki dəfə erməni işğalçılarının raket atəşinə məruz qaldığını xatırladıb: “Gəncəyə ilk raket hücumu zamanı zərər çəkmiş şəhər sakinləri kirayə mənzillərdə yerləşdirildi. Şəhər İcra Hakimiyyəti onları lazım olan hər şeylə təmin edir”.

 

Məmmədovun sözlərinə görə, Gəncəyə edilən ikinci raket hücumunun zərərçəkmişləri Aqrar Universitetin yataqxanasında yerləşdirilib: “Onlar da ehtiyacları olan hər şeylə təmin edilirlər”.

 

Ermənilər tərəfindən dağıdılmış evlərin bərpası məsələsinin necə həll edildiyi barədə sualımıza cavabında İcra Hakimiyyəti rəsmisi deyib ki, bununla Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbəsi məşğul olur.

 

FHN-in Gəncə Regional İdarəsinin Tikintidə təhlükəsizliyə nəzarət şöbəsinin müdiri Elmidar Abdullayevdən isə öyrəndiyimizə görə, ziyan görmüş evlərin bərpası işlərinin aparılması üçün Nazirlər Kabineti tərəfindən vəsait ayrılmalıdır: “İndi Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik”.

 

Eyni mövzu ilə əlaqədar, erməni işğalçılarının ən sərt raket hücumuna məruz qalan növbəti şəhərimizdə - Bərdədə, Gəncədən fərqli olaraq düşmənin zərər verdiyi evlərin yenidən qurulması ilə FHN deyil, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) məşğul olur. RİH-in Ərazi idarəetmə şöbəsinin müdiri Bəxtiyar Abdiyevin sözlərinə görə, ermənilərin atəşlərindən ən çox Qarayusifli və Şahvəlili kəndlərinin sakinləri əziyyət çəkirlər: “Mərkəzdəki bəzi evlər də ziyan gördü. Zərərçəkənlər qohumları və dostlarının evlərində yerləşdiriliblər”.

 

Şöbə müdirinin qeyd edib ki, Bərdə RİH zərərçəkənlərə mümkün qədər hər cür yardımı göstərir: “Dağıdılan və zərər çəkən bütün evlər qeydiyyata alınıb. Vəsait  ayrılan kimi evlərin bərpasına başlayacağıq”.

 

Nazirlər Kabineti (NK) zədələnmiş evlərin bərpası üçün nə vaxt maliyyə vəsaiti ayıracaq? Bu sualla NK-nın mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətindən bizə dəqiq məlumat öyrənib deyəcəklərini desələr də, bir sutkadan artıq müddətdə cavab ala bilmədik.

Müəllif: Rəşad Rüstəmov