Egey dənizində xəritə qalmaqalı

Dünya

16.05.2022 - 22:36

Sülh içindəki dəniz arzumuz həyata keçmir

Bir Türkiyə sərnişin gəmisi Rodos limanından yola düşmək istəyərkən Yunanıstan sahil mühafizəçiləri tərəfindən saxlanılır. Gəmi limana qaytarılır, sərnişinlər arasında çaşqınlıq yaşanır…

Kapitan liman rəhbərliyindən soruşur: “Bizi niyə saxladınız, bir problemmi var?”

Cavab: “Bizə təqdim etdiyiniz xəritə doğru deyil”.

Kapitan liman səlahiyyətlilərindən soruşur:

Bu dəfə kapitan çaşqın: “Necə yəni? Bu, bizə Türkiyə dövlətinin verdiyi rəsmi xəritədir”

Yunan səlahiyyətlisi masaya bir xəritə qoyub deyir: “Əsl xəritə budur”.

Hadisə böyüyür, gəminin sahibi olan daşımaçı şirkət Ankaraya məlumat verir. Türkiyə Nəqliyyat və Xarici İşlər nazirlikləri məsələyə qarışır. Bu əsnada daşımaçı şirkət 122 nəfər sərnişini otellərdə yerləşdirməyə məcbur olur.

Yaxşı, bu qarışıqlıq niyə baş verdi? İzah edim.

Adalar arasında fəaliyyət göstərən gəmilər, fövqəladə vəziyyətlərdə hansı dövlətlərin müdaxilə edəcəyini göstərən və ərazilərin sərhədlərini əks etdirən xəritəyə sahibdir ki, həmin xəritəni qarşı tərəfin rəsmi qurumlarına təqdim edirlər. Qarşı tərəf (indiki halda Yunanıstan) həmin xəritəni 14 gün ərzində təsdiqləyir.

Deməli, indiki halda Türkiyə öz gəmisinə bir xəritə verir və kapitan o xəritəni yunan tərəfinə təqdim edir. Amma yunan tərəfi bu xəritəni qəbul etmir. Kapitan “bu, mənim dövlətimin verdiyi rəsmi xəritədir” desə də, qarşı tərəf inadından dönmür.

Yunanların göstərdiyi xəritəyə diqqət: qırmızı rəngli sərhəd xətti, az qala, İzmirə dirənib, Mərmərənin, Kaşın içinə girir…

Qalmaqalın nəticəsinə baxaq: 122 sərnişin iki gün məcburi gözlədilir. Türkiyə gəmisi iki gün səfərdən qalır. Daşımaçı şirkət 122 sərnişinin xərclərini üzərinə götürmək məcburiyyəti ilə üzləşir.

Beləliklə, Türkiyənin dəfələrlə bəyan etdiyi “gəlin danışaq” təklifi havadan asılı qalıb. Müzakirələr, danışıqlar nəticə vermir. Xarici işlər nazirimiz Çavuşoğlunun Afina səfəri, yunan Baş nazir Miçotakisin Çavuşoğlunu Giritdəki evinə dəvət etməsi… bunların heç biri fayda vermir.

Milli müdafiə naziri Hulusi Akarın yunanıstanlı həmkarına adı ilə xitab edərək, “Niko, ya sən gəl, ya da çağır, mən gəlim. Bu mövzunu mütəxəssislər müzakirə etsinlər” çağırışı da nəticəsiz qaldı. Sülh içindəki Egey arzumuz həyata keçmir. Və bu, üzücüdür…

Fatih Çekirge,

“hurriyet.com.tr”

(Tərcümə AYNA-ya məxsusdur)

Müəllif: Turan Abdulla