Dövlət qurumlarının “gözündən qaçan” mənzərə

Cəmiyyət

17.08.2022 - 14:24

Su kanalının kənarındakı zibillik qısa müddətdə yoxa çıxacaq?

Bu günlərdə sosial şəbəkələrdə Goradil kəndi ərazisindən axan su kanalının düz yanında zibilliyin yaranması ilə bağlı videogörüntü yayılıb. Zibilliyin yarandığı ərazinin Fatmai Bələdiyyəsinin ərazisi olduğu bildirilmişdi.

Fatmayi Bələdiyyəsinin sədr müavini Murad Ağayev AYNA-ya açıqlamasında deyib ki, onların bələdiyyəsinin ərazisində vaxtaşırı zibil yığılır. “Təmizləmə xüsusi maşınların köməyi ilə həyata keçirilir”, - deyən sədr müavini “Zibilləri kim yığır?” sualına belə cavab verib: “Bunu mən bilmirəm"...

Ağayevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtın müxtəlif ərazilərində vaxtaşırı monitorinqlər aparır. Və bu zibillik, o bildirib ki, Goradil Bələdiyyəsinin ərazisinə aiddir.

Goradil Bələdiyyəsinin sədri İlqar Məmmədov isə AYNA-ya açıqlamasında “Bu zibilliyin Goradil Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur” cavabını verib.

Murad Ağayevin dediyi kimi, ETSN vaxtaşırı paytaxt ərazisinə nəzarət edirsə, Nazirliyin nümayəndələri su kanalının kənarında nəhəng zibillik olduğunu niyə görməyiblər?

Bu sualla ETSN-in mətbuat xidmətinə üz tutsaq da, oradan bizə məsləhət gördülər ki, bu, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) problemidir və onlara müraciət etmək lazımdır: “Poliqon onların yurisdiksiyasında olan kanalın sahilində yaranıb”.

Öz növbəsində, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov AYNA-ya deyib ki, sözügedən problem zibillərini hara gəldi atmağa adət etmiş yerli sakinlərin günahı ucbatından yaranıb: “Amma qısa müddət ərzində bu poliqon tərəfimizdən ləğv olunacaq”.

Məlumdur ki, paytaxtın digər yerlərində olduğu kimi, Bakı kəndlərində də məsul strukturların xəbəri olmadan toyuq hini də tikilə bilməz. Qapınızda tikinti materialları olan maşın görünən kimi birdən onun yanında sahə müvəkkili, FHN əməkdaşı, bələdiyyə, icra hakimiyyətinin nümayəndələri və s. peyda olurlar.

Və qəribədir ki, bütün bu dövlət strukturlarının nümayəndələri su kanalının kənarında ekoloji biabırçılığı bu vaxta qədər görməyiblər. İnsanlar harasa zibil atırsa, cərimələyin, amma ilk növbədə bu zibilin çıxarılmasını təmin edin - konteynerlər qoyun, zibil maşınları ayırın.

Çox istərdik ki, səhv edək, amma nədənsə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələrinin vədlərinə inanmırıq. Doğrudanmı, Buzovna ilə bağlı olduğu kimi ölkənin miqyası baxımından kiçik olan problemi həll etmək üçün yenə də Prezident öz sözünü deməlidir? Necə deyərlər, yaşayarıq, görərik.

Deyirlər ki, “cücəni payızda sayarlar”. Olsun, payızda, sentyabrda bu mövzuya yenidən qayıdacağıq.

Müəllif: Rəşad Rüstəmov