Çərçivəyə salınan portret yanlış olarsa...

Mədəniyyət

26.01.2022 - 23:23

Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq?

Bakıda Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib, Hövsanda müğənninin fanatları zeytun ağacları əkiblər. Əraziyə də “Aygün bağı” lövhəsi yerləşdirilib.

Necə xəbərdir? Doğma diyarımızın bir guşəsi abadlaşdırılıb. Papağımızı səmaya tolazlayıb, sevincimizdən çəpik çalmağın əsl zamanıdır! Yox?..

Əslində proses və təşəbbüs olaraq baş verənlərdə hər hansı problem yoxdur. Həqiqətən də, vətəninin sabahını düşünən hər bir vətəndaşa yaraşan bir işdir. Sözümüz bunda deyil, məramımız başqadır. İradımız, necə deyərlər, çərçivəyə salınan portretədir...

Bəzən belə fikir söylənilir: sənətkarın insani xüsusiyyətləri əhəmiyyətli deyil, əsas onun istedadı, yaradıcılığı, gələcək nəsillərə ötürdüyü mirası, irsidir. Həqiqətən də, ilk baxışda bu postulatda reallıq toxumları sezmək olar. Məsələn, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Sara Qədimovanın, Hacıbaba Məmmədovun, Mirzə Babayevin, digər korifeylərimizin şəxsi həyatları, zövqləri, qarderobları müasir insanı, gələcək nəsli nə dərəcədə maraqlandıra bilər? Bu göstəricilərin qənaətbəxş olmaması bu sənətkarların yaradıcılığına kölgə sala, onları unutdura bilərmi?

Əlbəttə ki, xeyr. Biz onların şəxsi həyatlarından, hətta hansısa mənfi məlumatı aldıqda belə, onu yaddaşımızdan siləcək, hətta silməsək də, onların əsrarəngiz və məlahətli səslərinin sehrinə düşüb olub-keçənləri arxa plana atacağıq. Amma bu, qeyd etdiyimiz kimi, məsələyə ilk baxışdır. Biz isə səthi nəzərlə kifayətlənməyək, bir qədər bu mövzu üzərində dayanaq.

Məsələ burasındadır ki, sadalanan və digər ustad sənətkarlar artıq bizim üçün tarixin bir parçasıdır. Məgər Puşkinin qadın düşkünü olması onun dahiliyindən nə isə azaldır? Və ya Cəfər Cabbarlının spirtli içkilərə həddindən artıq aludə olması onu klassik ədəbiyyatımızdan kənarlaşdıra bilər?

Amma və lakin! Zamanında, öz müasirləri üçün bu şəxslər nümunə, ülgü olublar. Onların davranışları, nitqləri, həyat tərzləri, geyimləri, hətta sifət ifadələri bir çoxları tərəfindən təqib edilib, onlara bənzəmək istəyiblər, onlara təqlid ediblər. İndi bu etalonlar da, onları ikona halına gətirənlər də artıq haqq dünyasındadırlar. Gəldilər, oldular, getdilər.

Ancaq bir proses olaraq nəql etdiklərimiz mövcud olub. Rəşidlər, Şövkətlər, Saralar, Müslümlər bütöv bir nəslin formalaşmasında, mənəviyyatının və incəsənət zövqünün təşəkkül tapmasında bilavasitə və yaxından iştirak ediblər. Biz, bugünkü fərdlər, məhz onların formalaşdırdığı nəslin tərbiyə verdiyi cəmiyyətik.

Bəs, yaxşı, sabah, bizdən sonra bu məmləkətdə yaşayacaqların zövqlərini kimlər formalaşdırır? Kimdir bugünkü kumirlər? Kimi kim əvəzləyib? Şövkət Ələkbərovanı - Aygün Kazımova, Rəşid Behbudovu – Nadir Qafarzadə, Sara Qədimovanı – Röya Ayxan, Mirzə Babayevi – Rəhim Rəhimli...

Bu sıralamanı görəndə tam daşlaşmamış qəlb ağlamasın, bəs neyləsin? Biz hələ oxucuların əsəblərini nəzərə alaraq Bayram Nurlunun, Tolikin kimləri əvəz etdiklərini yazmırıq. İndi bu “yenilər” dəstəsinin sabaha hazırladığı gəncliyin necə görkəmdə olacağını təsəvvür edək... Əlbəttə ki, buna fantaziyamız yetirsə...

Çox təəssüf ki, bu gün qeyd olunan məsələlərlə ciddi surətdə heç kim məşğul olmur. Hər şey və hər kəs öz ixtiyarına, öz axarına buraxılıb. “Rəşid bağı”, “Şövkət parkı” yoxumuzdur, əvəzində “Aygün bağı”mız var. Bəs sonra? Bu suala da cavab verəcəyik. Amma öncə bir mümkün irad barəsində.

İndi kimsə durub desə ki, bəs, bu bağın təşəbbüsü “Aygün Fan Club”a məxsusdur, qoy başqaları da belə bir təşəbbüsdə bulunsunlar, çox məntiqsiz olacaq. Çünki hər təşəbbüsü dərhal həyata keçirməzlər. Maraqlıdır ki, sözügedən təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib. Yaxşı, sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, ətrafını isə LGBT rənglərinə boyanmış hasara alsalar, onda da Nazirlik dəstəyini əsirgəməyəcək? Səhəri gün də Bülənt Ərsoyu ilahiləşdirənlər paytaxtımızı abadlaşdırmaq fikrinə düşə bilərlər... Açığı, bu perspektiv baş verənlərdən sonra elə də qeyri-real görünmür. 

Əslində, yuxarıda qoyduğumuz “bəs sonra?” sualına da cavab vermiş olduq. “Sonra”sı acınacaqlı perspektivdir, sözsüz. Amma ümid sonuncu ölür. Ümidimiz isə can üstədir, xırıltılı səslə fəryad edir. Lakin ölməyib. Biz də ümidliyik ki, nəhayət bu xalqın, bu nəslin mənəviyyatının formalaşmasına cavabdeh olan şəxslər, buna görə babat məvacib alan məmurlar qəflət yuxusundan ayılacaqlar, yalançı, süni surətdə yaradılan bütləri qırıb əvəzinə həqiqi dəyərlərimizi bərqərar edəcəklər. Bəlkə onda xalqın qəlbində özlərinə əbədi taxt qurmuş həqiqi sənətkar korifeylərimizin də ruhu şad oldu...

Müəllif: Polad Xudayarlı