MSK “analoqu olmayan fəaliyyət göstərdi”, növbədənkənar seçkilərdə “köhnə qvardiya” hər üç deputat yerindən ikisini saxladı
Seçicilərdən başqa, seçki kampaniyasının üç böyük qrup iştirakçısı olur: seçilənlər, seçkini təşkil edənlər və media.
Seçilənlər. “İslahatlara yol açmalıyıq, biz bacarmırıq, bizi burax” xahişi ilə Prezidentə müraciət etmiş “YAP deputat korpusu”, bir türk həmkarımızın danışdığı lətifədəki kimi, “Əfəndilər, bozulalım, təzədən düzüləlim” çağırışı ilə əsasən köhnə heyətlə geri qayıtdı. Yenilənmə, dəyişmə alınmadı. Və əgər Prezident Milli Məclisi istefaya göndərib növbədənkənar seçki keçirirsə, nəticədə tərkibinin 2/3-si etibarı ilə eyni parlamenti alırsa, bir müddətdən sonra onların ikisindən ən azı birinin problemi yaranacağını deyə bilərik.
Bununla belə, parlamentin üçdə biri, yəni 43 nəfər ilk dəfə deputat kürsüsünə yiyələnmiş şəxslər oldu. Bu qrupun tərkibinə nəzər yetirsək, görərik ki, 43 nəfərin 23-ü MSK-da YAP-çı, 20-si bitərəf kimi qeydə alınıb. Onların 10 nəfəri qadındır, yeri gəlmişkən, 80-dən artıq köhnə deputatın da arasında, təxminən bu qədər – 11 qadın var. Yeni millət vəkillərinin orta yaşı, təxminən 47-dir, aşağı hədd 27, yuxarı hədd 65 yaşdir. Cəmi 5 nəfər şərti gənclər kateqoriyasına, yəni 35 yaşınadək olanlara aid edilə bilər.
Təzə deputatların məşğuliyyət sahələri də mühüm keyfiyyət göstəricisidir. 21 nəfər indiyə qədər dövlət orqanlarında və ya dövlətlə sıx bağlı işlərdə çalışıb, 4 nəfər müəllim, 4 nəfər iş adamı, 3 nəfər jurnalist, 2 nəfər elm sahəsinin adamıdır. 3 nəfər qeyri-hökumət təşkilatlarından gəlib, 3 nəfər işsiz kimi qeydiyyata alınıb. Hərçənd, sonunculardan biri tanınmış hüquqşünasdır. Yəni indi parlamentin daha 2 hüquqşünası, bir marketoloqu və hər ehtimala qarşı bir uşaq həkimi var.
Ayna.az
Pin up casino Pin-up casino giriş