Kommersiya gəmiçiliyi ABŞ-İran sazişinin imzalanmasından bir neçə ay sonra bərpa oluna bilər
Hörmüz boğazında kommersiya gəmiçiliyi ABŞ-İran sazişinin imzalanmasından bir neçə ay sonra bərpa oluna bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” ekspertlərə istinadən məlumat yayıb.
Onların xəbərdarlığına görə, "müharibədən əvvəlki yük həcmlərinə qayıtmaq gəmi sahibləri, sığortaçılar və neft emalı zavodları arasında etimadı bərpa etmək ehtiyacı səbəbindən xeyli vaxt aparacaq”.
Nəşrin yazıb ki, bir çox alıcı alternativ təchizat və marşrutları təmin etməklə artıq pozuntulara uyğunlaşıb.
Çikaqoda yerləşən “Karobaar Capital LP” şirkətinin investisiya direktoru Haris Xurşidin sözlərinə görə, "bazar su yolunun yenidən açılmasını ani bir dəyişiklik kimi görməyə meyllidir, amma əslində bu, daha çox bir prosesdir".
Ekspertin sözlərinə görə, boğazın yenidən açılması və ticarət axınlarının normallaşdırılması "iki fərqli şeydir". Xurşid əlavə edib ki, bir çox alıcı alternativ marşrutlar, təchizatçılar və təchizat axtarmaq üçün aylar sərf edib və onlar boğazın açılmasından dərhal sonra ona qayıtmaya bilərlər.
Hörmüz boğazının açılması xəbərinə müsbət reaksiyalara baxmayaraq, “Saxo Markets” şirkətinin baş investisiya strateqi Çaru Çanana bildirib ki, "əməliyyat reallığı" "daha çətin olacaq". Çanana qeyd edib ki, "mina təmizləmə, sığorta xərcləri, liman tıxacları və geosiyasi risklər proqnozlarla müqayisədə neft axınlarını yavaşlada bilər".
“Mehr” xəbər agentliyinin əvvəllər xəbər verdiyi kimi, Hörmüz boğazı İran və ABŞ arasında müqavilənin imzalanmasından sonrakı 30 gün ərzində tam olaraq açılacaq. Agentliyin məlumatına görə, Vaşinqton bir ay ərzində İran limanlarının dəniz blokadasını ləğv edəcəyinə və hərbi kontingentini İslam Respublikası ilə həmsərhəd ərazilərdən çıxaracağına söz verir. Bundan əlavə, ABŞ danışıqların son mərhələsində İran əleyhinə yeni sanksiyalar tətbiq etməyəcəyinə və ya Yaxın Şərqə yeni qüvvələr göndərməyəcəyinə söz verib. Eyni zamanda, atəşkəs dərhal və "bütün cəbhələrdə", o cümlədən Livanda qüvvəyə minməlidir.