Biznesmenlərin problemləri bir-biriləri ilə deyil, dövlət idarələri ilədir

İqtisadiyyat

25.10.2019 - 11:17

İqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq mənasız yoldur

 

İqtisadiyyatda dönüş olması üçün ədalətli məhkəmə sistemi “olmazsa, olmaz”dır. Amma hökumət yenə də başqa yol tutmaq, iqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq istəyir - səhv və mənasız yoldur.

 

Bizdə biznesin əsas dərdi, problemləri bir-birləri ilə olmur ki, yeni məhkəməyə gedib onu həll etsin. Yeni məhkəmələr yaransa, onlar ancaq iqtisadi subyektlər arasında mübahisələrə baxacaq. Bizdə biznesin əsas dərdi yerli icra hakimiyyəti ilə, nazirliklər və dövlət idarələri ilə, hüquq-mühafizə orqanları ilə olur - o zaman biznes nə etsin?!

 

Məsələn, Hüseyn əmi qoyun saxlayır, kiçik fermer təsərrüfatı var. X rayonun icra başçısı, özünü həmin bölgənin ağası hesab edən Y müəllimin qonağı gəlir, sürücüsünü göndərir ki, “get Hüseyndən bir mələməmiş quzu gətir, qonağa kabab çəkək” - Bu zaman Hüseyn əmi nə etməlidir?! İqtisad Məhkəməsinə müraciət edə bilməyəcək axı!

 

Ya da, X rayonun polis rəisi qonaqlarını da götürür, gəlir Həsən dayının restoranına, yeyir-içir, hesabı da vermir. Həsən dayı neyləsin?!

 

Və ya X rayonunun icra başçısı rayonda biznesi olan Habil kişiyə deyir ki, Prezident rayona gələcək, abadlıq işləri lazımdır, get, 5000 pul gətir - Bu zaman Habil kişi nə etməlidir?!

 

Qısası, məhkəmə, hüquq-mühafizə orqanlarının işi kökündən dəyişməsə, ayrıca iqtisad məhkəmələri heç nəyə dərman olmayacaq...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert