Belqrad meri etirazçılara müraciət etdi: “Bu, dövlətin məhvinə gətirib çıxaracaq”

Dünya

25.12.2023 - 13:58

Şapiç əhaliyə müraciətində anarxiya yolu ilə hakimiyyətə gəlməyə cəhd etməməyə çağırıb

Belqrad merinin səlahiyyətlərini icra edən Aleksandr Sapiç bazar ertəsi, dekabrın 25-nə keçən gecə şəhərdə müxalifətin yaratdığı iğtişaşları şərh edib. AYNA xarici mediaya istinadən bildirir ki, mer aksiyanı “Maydanlaşma” ifadəsi ilə xarakterizə edib.

Şapiç əhaliyə müraciətində anarxiya yolu ilə hakimiyyətə gəlməyə cəhd etməməyə çağırıb: “Çünki bu cür hərəkətlər yalnız dövlətin məhvinə gətirib çıxaracaq. Zorakılıq və dövləti devirməklə özümüzə siyasi məqsədlər uğrunda mübarizə aparmağa imkan versək, onda çox tezliklə dövlətimiz olmayacaq. İndi siz “Maydanlaşma” ifadəsinin nə qədər doğru olduğunu görürsünüz.

Sapiç etirazçıların Belqradda qədim binaya böyük ziyan vurduğunu söyləyib. Mer binadan fotoşəkillər dərc edərək etirazçıların Belqrad Assambleyasının (nümayəndəlik orqanı və administrasiyası) binasına vurduğu ziyanı nümayiş etdirib.

Məlum olub ki, iğtişaşçılar qədim binanın qapı-pəncərələrinə daş atıb, dəyənəklərlə döyüblər. Onların hərəkətləri nəticəsində binanın fasadına, daxili otaqlara və avadanlıqlara ziyan dəyib. İlkin məlumatlara görə, dəymiş ziyan külli miqdarda qiymətləndirilir. Sapicin fikrincə, tarixi binaya bu cür ziyan ancaq “vicdanı və məsuliyyəti olmayan” insanlar tərəfindən törədilə bilər.

Qeyd edək ki, Serbiyada etirazlar 46,7 faiz səslə Prezident Aleksandr Vuçiçin “Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb. 23,69 faiz səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Dekabrın 24-də axşam saatlarında “Serbiya Zorakılığa Qarşı” müxalifət blokunun nümayəndələri Assambleyanın binası qarşısına toplaşıblar. Etirazçılar seçkinin nəticələrinin ləğvini tələb ediblər.

Binaya basqın etməyə 2,5 minə yaxın insan gəlib. Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, iğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb. Bundan əlavə, binaya basqın edən digər iştirakçıların axtarışı aparılır.

Etirazçılar polisə daş və butulka atıblar. Nəticədə hüquq-mühafizə orqanlarının iki əməkdaşına ağır bədən xəsarətləri diaqnozu qoyulub. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

Müəllif: Turan Abdulla