ABŞ və Çin liderlərinin bir çox məsələlər ətrafında müzakirə aparacaqları gözlənilir
ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin noyabrın 16-da Perunun paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəklər. AYNA xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edək ki, Bayden və Si sonuncu dəfə bir il əvvəl Kaliforniyada APEC sammiti zamanı, ondan əvvəl isə 2022-ci ildə Balidə G20 sammitində görüşmüşdülər.
Yüksək rütbəli Ağ Ev rəsmisi çərşənbə günü jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Bayden və Sinin hərbi əlaqələrin yenilənməsi, qlobal fentanil böhranı ilə mübarizə səyləri və süni intellektin yaratdığı risklərin aradan qaldırılması üçün işə başlamaq da daxil olmaqla əməkdaşlıq sahələrini müzakirə edəcəyi gözlənilir.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, ABŞ Prezidenti Pekinin Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstəyi və Şimali Koreya qoşunlarının Rusiyaya yardım üçün göndərilməsi ilə bağlı “dərin narahatlığını” ifadə edəcək. O, həmçinin vurğulayıb ki, Bayden Çinin Amerika işçilərinə zərər verən “ədalətsiz ticarət siyasəti və qeyri-bazar iqtisadi təcrübələri” ilə bağlı “uzun müddətdir davam edən narahatlığını” təkrarlayacaq.
Bundan əlavə, Bayden Çinin ABŞ-dakı mühüm mülki infrastruktura kiberhücumlarına, habelə Pekinin Tayvan və Cənubi Çin dənizi ətrafında artan hərbi fəallığına toxunacaq, eyni zamanda, insan hüquqlarına hörmətin vacibliyini vurğulayacaq.
Bu görüş çox güman ki, Bayden və Sinin yeni seçilmiş Prezident Donald Trampın vəzifəyə başlamasından əvvəl sonuncu olacaq.
Tramp Çinin kəskin tənqidçilərini əsas xarici siyasət mövqelərinə təyin edib ki, bu da ABŞ-ın Pekinə qarşı daha ziddiyyətli kursuna gətirib çıxara bilər. Onların arasında Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin etdiyi respublikaçı konqresmen Mayk Vals və dövlət katibi vəzifəsinə senator Marko Rubio da var.
Administrasiya rəsmisi “Amerikanın Səsi”nin sualına cavab olaraq deyib ki, növbəti administrasiya hansı siyasəti seçsə, o, ABŞ və Çin arasındakı “mürəkkəb və gərgin münasibətləri” idarə etmək yollarını tapmalı olacaq.
“Rusiya, Tayvan məsələsi, Cənubi Çin dənizi və kiberməkan növbəti administrasiyanın diqqətlə işləməli olacağı sahələrdir. Çünki bunlar Çinlə ciddi siyasi fikir ayrılığı olan sahələrdir və mən bunun dəyişəcəyini gözləmirəm”, - Ağ Ev rəsmisi qeyd edib.
Si həmçinin Tramp administrasiyasının idxalla bağlı nə planlaşdırdığına, o cümlədən Trampın söz verdiyi kimi, bütün Çin mallarına yüksək tariflər tətbiq edib-etməyəcəyinə dair aydınlığa ümid edir.