Bakı üzrə 26 min 486 təhsil işçisi peyvənd olunub

Xəbərlər

25.08.2021 - 16:53

BŞTİ: “Təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər”

 

Bakıda təhsil işçilərinin 26 min 486 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.

 

Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

 

Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.

Müəllif: Ayna.az