Azərbaycanlı döyüşçü: “Ukrayna uğrunda vuruşduğuma görə peşman deyiləm, amma...” - FOTOLAR

Cəmiyyət

10.06.2023 - 10:21

“Partlayış məni divara çırpdı, sonra hər şey duman kimi idi və dağıntılar altından necə çıxardığımı xatırlamıram” - Raqif Əliyev

Ötən ay Bakıda Ukrayna torpaqlarını rus işğalçılarından azad edərkən həlak olmuş 26 azərbaycanlının da adı qeyd olunduğu Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirə divarının açılışı olub. Azərbaycan diasporunun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin sıralarında 500-ə yaxın etnik azərbaycanlı döyüşür. Onlardan biri də AYNA-nın həmsöhbəti, kiçik çavuş Raqif Əliyevdir.

- Zəhmət olmasa, özünüz haqqında məlumat verin.

- 1992-ci ildə Gəncədə anadan olmuşam. Ailəvi səbəblərdən bir neçə il Ukraynada yaşamışam. Anam vəfat edəndən sonra atamla Gəncəyə qayıtdıq və Azərbaycan ordusunda hərbi xidmət keçdikdən sonra Ukraynaya köçmək qərarına gəldim. Tezliklə Ukrayna vətəndaşlığını qəbul etdim və Dnepr şəhərində ciddi rejimli koloniyanın təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləməyə başladım.

Hələ 2014-cü ildə separatçılar Donbasda başlarını qaldıranda mən 58-ci briqadanın 13-cü Çerniqov könüllü batalyonuna yazılmışdım. Bundan sonra çeçenlərin Ukrayna tərəfində vuruşduğu Şeyx Mənsur batalyonuna daxil oldum. Gələcəkdə orduda qalmağa qərar verdim və müqaviləli xidmətə keçdim. 2021-ci ilin avqustunda müqaviləm bitdi.

- Yəni rus işğalı başlayanda siz artıq orduda xidmət etmirdiniz?

- Tamamilə doğrudur. Ailə həyatı qurdum və sakit həyat yaşayacağımı düşündüm. Ancaq fevralda Rusiyanın təcavüzü başladı. Mən könüllü olaraq cəbhəyə getməyə qərar verdim. Hərbi Komissarlıqda keçmiş həmkarım işləyirdi, onunla əlaqə saxladım və mənim üçün lazımi sənədləri hazırlamağı xahiş etdim. Mən BMP-2 komandiri kimi 25-ci desant-hücum briqadasına göndərildim. Artıq fevralın 25-də briqadaya gəldim.

Avdeyevkaya çatdıqdan sonra briqada Donetsk vilayətinin Volnovaxa kəndinə göndərilib. Burada ağır döyüşlər gedirdi, düşmənin çoxlu hərbi texnikası var idi. Artıq martın 2-də işçi qüvvəsi və texnikada böyük itkilər olduğu üçün Volnovaxanı tərk etməyimiz barədə əmr gəldi. Martın 8-də mən təkbaşına iki rus hərbçisini ələ keçirə bildim - komandir və piyada döyüş maşınının topçu-operatoru. Buna görə ikinci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olundum.

Martın 11-də Valeriyanovka kəndi yaxınlığında yaralandım. Cəmi iki gün əvvəl tanış olduğum azərbaycanlı soydaşımı xilas etməyə cəhd edirdim. Onu döyüş meydanından çıxaranda özüm də yaralandım. Buşlatımın cibində “powerbank” saxlamışdım. O, gülləni dayandıraraq məni çiynimdən yaralanmaqdan xilas etdi, ikincisi isə ayağıma dəydi. Üstəlik, qəlpə yarası da aldım. İki ay xəstəxanada müalicə olundum, ondan sonra mənə bir aylıq məzuniyyət verdilər. Lakin zədəli ayağım sağalmadı, yeriyəndə axsayırdım, ayağımın üstündə dayana bilmirdim. Buna baxmayaraq, hərbi həkim komissiyası məni xidməti davam etdirməyə yararlı hesab etdi.

- Sonra nə oldu?

- Məzuniyyətdən sonra 25-ci desant-hücum briqadasına qayıtdım və 10 gündən sonra bizi Baxmuta göndərdilər. Bu, 10 iyun 2021-ci ildə baş verib. Avqustun 11-də döyüş zamanı partlayan mərmi parçası döyüş yoldaşımın qolunu qopardı. Onu döyüş meydanından çıxarmaq üçün yanına qaçdım. Onu yaxınlıqdakı evin zirzəmisinə apardım və orada ona ilkin tibbi yardım göstərdim. Qanaxma dayandı. Bizi gördülər və tərəfimizə bir neçə mərmi uçdu. Partlayış məni divara çırpdı. Sonra hər şey duman kimi idi. Məni dağıntılar altından necə çıxardıqlarını xatırlamıram. Beləliklə, beyin sarsıntısı keçirdim və yenidən xəstəxanaya düşdüm. Uzun müddət danışa bilmədim, kəkələdim.

Hazırda hərbi xidmətdən təqaüdə çıxmışam. Ayağım zədələndiyi üçün koordinasiya problemim var. Mən qoltuqaltı ilə gəzirəm. Kontuziyaya görə görmə qabiliyyətim pisləşib, bir gözüm demək olar ki, görmür. Qulağımda daim uğultu var. Mən səkkiz il Ukrayna ordusunda xidmət etmişəm. Və mənim kimi oğlanlar çoxdur. Biz Ukrayna uğrunda döyüşdük, əsl cəhənnəmi gördük, sağlamlığımızı itirdik və indi hökümət bizimlə maraqlanmaq istəmir. İşdən çıxarılmaq üçün lazımi sənədləri toplamaq üçün vəkilin xidmətinə müraciət etməli oldum. Üçüncü qrup əlillik almaq üçün sənədləri toplayıb Çerniqov hərbi hospitalına verdim ki, sonradan Mərkəzi Həkim Komissiyasına verilsinlər.

Artıq dörd aydır ki, cavab gözləyirəm. Hər gün zəng edib sənədlərimin gəlib-gəlmədiyini soruşuram. Emosional olaraq çox çətindir. Çerniqov hərbi xəstəxanasının nevropatoloqu elektronevromioqrafiyanın nə olduğunu belə, bilmir! Bunlar buradakı həkimlərdir.

Yanımda həmişə mənə dəstək olan həyat yoldaşım Gülnarə Məlikovadır. 4 iyunda birlikdə həyatımızın 3 ili tamam olur. Mən cəbhədə olanda həmişə məni gözləyirdi. İndi o, mənim yanımdadır və sağlamlığımı yaxşılaşdırmağa kömək edir.

Elə bilmə ki, mən taleyimdən şikayət edirəm. Mən bir çoxlarından çox şey etmişəm. Mən könüllü oldum və başıma gələnlərə görə peşman deyiləm. Amma müharibədə şikəst olanlara münasibət məni narahat edir. Mən qürur duyuram ki, ədalət və Ukrayna uğrunda döyüşmüşəm!

Müəllif: Asif Aydınlı