Azərbaycanın səhiyyə sahəsində 66 nəfər əcnəbiyə iş icazəsi verilib

Cəmiyyət

19.05.2020 - 22:47

Həmin əcnəbilər arasında Türkiyə, Rusiya, Hindistan, Ukrayna, İran, ABŞ və Almaniya vətəndaşları üstünlük təşkil edirlər

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər iş icazəsi almalıdırlar. Bunun üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı fəaliyyət sahələri nəzərə alınmaqla, hər il üçün əmək miqrasiyası kvotası müəyyən olunur.

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, cari il ərzində səhiyyə sahəsi üçün 66 iş icazəsi verilib və müddəti uzadılıb. İş icazələri 1 il müddətinə, əmək müqaviləsinin daha az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Dövlət rüsumu isə iş icazəsi müddətindən və baxılma müddətindən asılı olaraq, qanunvericiliklə müəyyən olunur.

 

“Hazırda ölkəmizdə dünyanın müxtəlif dövlətlərinin vətəndaşları yaşayır və işləyirlər. İş icazəsi əsasında yaşayan əcnəbilər sırasında Türkiyə, Rusiya, Hindistan, Ukrayna, İran, ABŞ və Almaniya Federativ Respublikasının vətəndaşları üstünlük təşkil edirlər. Əcnəbilərin əmək fəaliyyəti üçün iş icazəsinin ləğvinə gəldikdə isə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, əcnəbidən, yaxud işəgötürəndən müvafiq ərizə daxil olduqda, sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə, məhkəmənin müvafiq qərarı olduqda və s. hallarda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazəsi ləğv edilir. Əcnəbilərin digər hallarda müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid deyil”, - deyə DMX-dən bildirilib.

Müəllif: Raminə Eyvazqızı

Ramanada faciə

Dünən, 17:26 Hadisə